Boks üzrə beynəlxalq turnirin finalçıları məlumdur

Şağan Olimpiya İdman Kompleksində SSRİ-nin Əməkdar Məşqçisi, Əməkdar İdman Ustası, beynəlxalq dərəcəli hakim Abbas Ağalarovun xatirəsinə həsr olunmuş boks yarışında finalçıların adları artıq məlum olub. Siasport.az saytı xəbər verir ki, gənclər arasında keçirilən turnirin final görüşlərində Azərbaycan milli komandasının 6 üzvü mübarizə aparacaq. Bu il "Böyük İpək Yolu" turnirində qalib gəlmiş Tural Əhmədov (52 kq) yarımfinalda komanda yoldaşı Qoşqar Səfərlini 20:12 hesabı ilə məğlub edib və həlledici görüşdə Rusiya nümayəndəsi Bəxtovar Nazirovla qarşılaşacaq. 2011-ci ildə İrlandiyada keçirilmiş gənclər arasında Avropa birinciliyinin qalibi olmuş Pərviz Bağırov da (64 kq) finalda yerini təmin edib. Yarımfinalda özbəkistanlı Ənvər Turabovu 10:7 hesabı ilə üstələyən boksçumuz qızıl medal uğrunda döyüşdə rusiyalı Sergey Soblinski ilə üz-üzə gələcək. Nəsrəddin Məmmədov (56 kq), Saqi Salehli (69 kq), Hacıbaba Hacıbabayev (91 kq) və Sadiq Səmədov da (91 kq+) finala vəsiqə qazanıblar. 75 kq çəki dərəcəsində yeniyetmələr arasında dünya birinciliyinin gümüş mükafatçısı Orxan Mayıllı və yeniyetmələr arasında Avropa birinciliyinin bürünc medalçısı Rahil Məmmədli yarımfinalda uduzaraq, 3-cü yerlə kifayətləniblər. Azərbaycandan sonra finalda ən çox təmsilçisi olan Rusiya və Ukraynadır. Bu ölkələrin hərəsinin 4 boksçusu həlledici görüşə vəsiqə əldə ediblər. Qazaxıstanın 3 boksçusu qızıl medal uğrunda döyüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə