“Sumqayıt Şəhər” Klubunun prezidenti bir sıra açıqlamalarla çıxış edib

“Sumqayıt Şəhər” Klubunun prezidenti bir sıra açıqlamalarla çıxış edib
"Son bir ayda komandada irəliləyiş göz qabağındadır. Belə ki, bu il ölkəmizi avrokuboklarda təmsil edən "AZAL" və "Qarabağ" üzərində qələbə qazanmışıq." Siasport.az saytı xəbər verir ki, bu açıqlama ilə "Sumqayıt Şəhər" Peşəkar Futbol Klubunun prezidenti Kamran Quliyev çıxış edib.
O bildirib ki, "Sumqayıt Şəhər" aşağı yaş üzrə milli komandalarımızda təmsil olunan futbolçulardan ibarətdir:
"Son zamanlar əsas qapıçımız Andriy Popoviç əsas millinin heyətinə də çağırılır. Yığmanın Albaniya ilə keçirilmiş son yoldaşlıq matçında qapıçımız 90 dəqiqə meydanda olmuşdu. Bundan başqa, komandamızın əsas müdafiəçisi Bədavi Hüseynov da uğurlu çıxışı ilə millinin baş məşqçisi Berti Foqtsun diqqətini çəkmişdir. O, yığmanın heyətində Almaniyanın "Union Berlin" klubu ilə oyunda meydana start heyətində çıxmışdı.
Millinin Bakıda təşkil olunmuş seleksiya xarakterli son toplanışına üç futbolçumuz - Bədavi Hüseynov, Hacı Əhmədov və Samir Yusifov da heyətə dəvət olunmuşdular. H.Əhmədov 19 yaşadək futbolçulardan ibarət millimizin kapitanıdır. Emil Balayev, Ruslan Tağızadə, Emin Mustafayev və Ruslan Qurbanov isə U-21-in əsas futbolçularıdır. Heyətimizdə U-17-nin üç üzvü - Orxan Əliyev, Ruslan Nəsirli, Şamil Cəmaləddinov da yaxşı gələcəyi olan futbolçulardır. Məhz bu səbəbə görə, komandamızın bir qədər zamana ehtiyacı vardır. Gənclərdən ibarət komandanın təcrübə yığması vacib amildir."

Bütün xəbərlər Facebook səhifəmizdə