Zaqreb "Dinamo"su "Lion"a oyunu satıb?

Zaqreb "Dinamo"su "Lion"a oyunu satıb?

Hollandiyanın "Ayaks" klubunun baş məşqçisi Frank de Bur Çempionlar Liqasında onlarla eyni qrupda yarışan Fransanın "Lion" və Zaqrebin "Dinamo" klubları arasında dünən keçirilmiş oyunun nəticəsini şübhə altına alıb. Hollandiyalı mütəxəssisin fikrincə, bu oyunun nəticəsi UEFA tərəfindən araşdırılmalıdır.


"Mən "Lion"u növbəti mərhələyə çıxması münasibətilə təbrik edirəm. Amma mənim köməkçilərim dedilər ki, fransızlar qolları çox adi vəziyyətlərdən vurublar. Yarım saat ərzində bu qədər qol vurulmur. Əgər burada şübhəli nəsə varsa, UEFA bu məsələni araşdırmalıdır" deyən Frank de Bur bununla da xorvatların oyunun satmasına işarə vurmaqla, Avropada yeni qalmaqalın əsasını qoyub.


Hollandiya mətbuatı "Dinamo"nun bilərəkdən 1:7 hesabıyla məğlub olduğunu yazaraq, Zaqreb təmsilçisinin müdafiəçisi Vidanın matçdan əvvəl "Lion"la keçirəcəkləri oyuna pul qoyuluşu etdiyini yazıb. Hollandlar bunu sübut edən kuponu da yayımlayıb. Həmçinin Vidanın beşinci qolu buraxdıqdan sonra "Lion"un hücumçusu Qomişə göz vurması oyunun satılması şübhələri daha da artırıb.


Qeyd edək ki, Çempionlar Liqasının son turu çərçivəsində bu iki komanda arasındakı dünənki qarşılaşma 7:1 hesabı ilə fransızların xeyrinə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə