Xəbər verdiyimiz kimi, dünən Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) başa çatmaqda olan ilin yekunlarına dair ən yaxşı oyunçu adına namizəd olan üç futbolçunun adını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, bu futbolçular argentinalı Lionel Messi, portuqaliyalı Kriştianu Ronaldu və ispan Xavidir. Bu mükafat qalib futbolçuya 2012-ci il yanvarın 9-da təqdim olunacaq. Avropa mətbuatı iddia edir ki, bu ən nüfuzlu mükafata dalbadal üçüncü dəfə Lionel Messi layiq görülə bilər. Daha əvvəl bu mükafatı üç dəfə yalnız bir neçə oyunçu, o cümlədən UEFA-nın hazırkı prezidenti Mişel Platini alıb. Xatırladaq ki, "France Football" jurnalının təqdim etdiyi orijinal "Qızıl top" və FİFA-nın versiyasına görə dünyanın ən yaxşı oyunçusu mükafatı 2010-cu ildə birləşib və hazırda ümumi səsvermədə yığma komandaların kapitanları, məşqçilər və jurnalistlər iştirak edirlər. FİFA, həmçinin ilin ən yaxşı məşqçisi adına namizəd olan üç məşqçinin adını açıqlayıb. Həmin məşqçilər britaniyalı Aleks Ferqüsson ("Mançestr Yunayted"), ispan Xosep Qvardiola ("Barselona") və portuqaliyalı Joze Mourinyudur ("Real").
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB