PFL prezidenti: "Oyunlar zamanı stadionlarda təhlükəsizliyə polis cavabdehdir"

PFL prezidenti: "Oyunlar zamanı stadionlarda təhlükəsizliyə polis cavabdehdir"

Premyer Liqanın matçları zamanı stadionlarda təhlükəsizliyə polis cavabdeh olmalıdır. Bunu açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.


"Qarşılaşma başlamazdan öncə oyun hansı stadionda keçirilirsə, həmin meydançaya cavabdeh olan polis bölməsi bizə təhlükəsizliyin tam təmin olunması ilə əlaqədar məktub göndərir və biz də həmin polislərə inanaraq çempionatımızı keçiririk", - Musayev bildirib.


Premyer Liqanın XV turu çərçivəsində "Turan"-"Qarabağ" oyunundan sonra və "Xəzər Lənkəran"-"İnter" matçı zamanı insident baş verib. "Turan"-"Qarabağ" oyunundan sonra yerli azarkeşlər görüşü idarə edən Rauf Cabbarovun başçılıq etdiyi hakimlər briqadasına ağır xəsarətlər yetiriblər. Nəticədə Cabbarov sifətindən zərbə alıb, onun köməkçisinin isə başı yarılıb.


Bundan əlavə, "Xəzər Lənkəran"-"İnter" matçı xoşagəlməz hadisə ilə yekunlaşıb. Belə ki, matçın sonlarında azarkeşlərin tribunadan atdığı daş qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadzenin başını partladıb.


"Futbolda belə insidentlər, qalmaqallar dünyanın hər yerində baş verir", - Musayev bu hadisələri şərh edərkən deyib.


Onun sözlərinə görə, Tovuzda baş verən hadisə polislərin səhfi olub. "Kimin günahı varsa, cəzalandırılacaq", - Musayev əlavə edib.


Lənkəranda olan hadisəyə gəlincə, PFL prezidenti bildirib ki, "orada son vaxtlar Lənkəran azarkeşlərinin belə çılğınlığının şahidi olmamışdıq".

Bütün xəbərlər Facebook səhifəmizdə