“Olimpiya dünyası” 10 illiyini qeyd etdi

“Olimpiya dünyası” 10 illiyini qeyd etdi
Dünən Milli Olimpiya Komitəsinin (MOK) orqanı olan "Olimpiya dünyası" qəzetinin yaranmasının 10 illiyi münasibətilə tədbir keçirilib. Siasport.az saytı xəbər verir ki, əvvəlcə qəzetin 10 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin təbrikini qəzetin əməkdaşlarına çatdırıb. Bildirib ki, 2001-ci ildə ölkəmizin başçısının təşəbbüsü ilə yaranan qəzet qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəlir. 846 nömrəsi çap olunan qəzet respublikamızın idman həyatında mühüm rol oynayır. Bu gün 10 illik yubileyini qeyd etdiyimiz qəzetin kollektivi Azərbaycanda idmanın, olimpiya hərəkatının təbliği ilə yanaşı, ölkədə idman jurnalistikasının formalaşmasında mühüm rol oynayacaq. Sonra Çingiz Hüseynzadə Prezident İlham Əliyevin 2011-ci il 23 noyabr tarixli Sərəncamı ilə qəzetin təltif olunmuş 2 əməkdaşı – baş redaktorun müavini Aslan Şirəliyevə və şöbə müdiri Səadət Hakıyevaya "Tərəqqi" medalını təqdim edib. Tədbirdə "Olimpiya dünyası"nın baş redaktoru Murad Fərzəliyev qəzetin ötən müddətdə fəaliyyəti barədə danışaraq nəşrin respublikada olimpiya hərəkatının inkişafında və idmanın kütləviləşməsinin təbliğində rolunu qeyd edib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Mətbuat Şurasının sədri Əflatun Amaşov qəzetin redaksiya üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıblar. Mərasimdə "Olimpiya dünyası" qəzetinin cari ilin yekunları ilə bağlı keçirdiyi sorğunun qalibləri mükafatlandırılıb. Mərasimdə, həmçinin 2012-ci ildə Azərbaycanda təşkil olunacaq futbol üzrə "FİFA U-17 qadınlararası dünya çempionatı"nin talismanı da nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə