Yeni reytinqin nəticələri
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Siasport.az məlumat verir ki, bu dəfəki sıralamada Azərbaycan cüdoçularının mövqeyi diqqət çəkir. 60 kq çəki dərəcəsində çıxış edən və London Olimpiadasına iddialılardın biri olan İlqar Müşkiyev aktivindəki 659 xalla bir pillə geriləməklə 9-cu yerə düşüb. London Olimpiadasında iştirak etmək şansı böyük olan və 66 kq-da çıxış edən Tərlan Kərimov 13-cü pillədəki yerini qoruya bilib. 73 kq çəki dərəcəsində tatamiyə çıxan Renat Mirzəliyevin London Olimpidasına getmək şansı yoxdu. Çünki o, hazırda 120 xalla 62-ci pillədə qərar tutub. Əvəzində İngiltərəyə gedəcəyi demək olar dəqiqləşən Elnur Məmmədli 944 xalla əvvəlki kimi, yenə də 4-cü pillədədir. Elnurla eyni çəkidə mübarizə aparan Elxan Rəcəbli isə 2 pillə geriləyib. Aktivində 448 xalı olan Elxan hazırda 21-ci yerdədir.London olimpiadasına vəsiqə qazanan digər cüdoçumuz Elxan Məmmədovun da mövqeyində geriləmə var. Belə ki, aktivində 936 xalı olan və iki ay öncə 4-cü pillədə qərarlaşan Elxan indi 7-cidi. 100 kq-daki idmançımız Elmar Qasımov indi 304 xalla 34-cü yerə düşüb və lisenziya qazanmaq şansını daha da çətinləşdirib. 100 kq –dan agır çəki dərəcəsində mübarizə aparan Emil Tahirov isə 82 xalla 67-ci pillədə qərarlaşıb.
Qadınlara gəlincə, Kifayət Qasımova 568 xalla əvvəlki kimi 12-ci pillədə qalıb. Digər qadın cüdoçumuz - Ramilə Usubova da mövqeyini dəyişməyib. Aktivində 468 xalı olan Ramilə 16-cı yerdədir. Xatırladaq ki, reqlamentə görə, kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə ilk 14 yeri tutan cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə