Namiq Cəfərov: “2011-ci ili idman həyatımda uğurlu illərdən hesab edirəm” - MÜSAHİBƏ

Namiq Cəfərov: “2011-ci ili idman həyatımda uğurlu illərdən hesab edirəm” - MÜSAHİBƏ
Rusiyanın Yekaterinburq şəhərində pouerliftinq üzrə Dünya kuboku keçirilib. İPA-Azərbaycan Güc İdman Növləri İçtimai Birliyinin rəhbəri Namiq Cəfərov həmin yarışda kürsünün ən yüksək pilləsinə qalxıb. 90 kq çəkidə mübarizə aparan idmançımız ümumilikdə 227.5 kq ağırlığın öhdəsindən gələrək, kubokun sahibi olub. Avropa, dünya və dəfələrlə Azərbaycan çempionu olan Namiq Cəfərovla görüşdük. O, Dünya kuboku yarışları ilə bağlı təəssüratlarını bizimlə bölüşdü.

- Namiq müəllim, yarış necə keçdi, komandamızın çıxışını necə dəyərləndirərdiniz?


- Dünya kuboku yüksək səviyyədə təşkil edilmişdi. Beynəlxalq Pauerliftinq Assosiasiyasının qaydalarına uyğun keçirilən bu turnir bir həftə davam etdi. Kubok yarışında dünyanın ən güclü paurliftinq ustaları iştirak edirdi. Bu baxımdan rəqabət güclü idi. Yeri gəlmişkən deyim ki, pouerliftinqdə ən aşağı dərəcə 52 kq, ən yuxarı isə 140 kq-dır.
Dünya kuboku idmançılarımız üçün uğurlu keçdi. Komandamızın üzvü Aqşin İsmayılov ( 82.5kq) becpres (sinədən qaldırma) növündə 205 kq çəki qaldıraraq ikinci oldu. Şahin Eyvazov ( 125 kq) dördüncü yerlə kifayətləndi. 82 kq çəkidə mübarizə aparan Cəlil Fərəcov 18-19 yaş təvəllüdlü idmançılar arasında gümüş mükafata sahib çıxdı. Rüstəm Musayev (67kq) Yekaterinburqdan vətənə bir gümüş və bir gümüş medalla qayıtdı. Gənc idmançımız Nurlan Bağırov da əldə etdiyi nəticə ilə bizi sevindirdi. Dünya kubokunda gücünü sınayan 6 idmançımızdan 4-ü mükafata layiq görüldü.


- Yekaterinburqda hakim ədalətsizliyi ilə üzləşmədiniz?

- Yox, dünya kubokunda ədaləti qoruyan hakimlərdən razı qaldıq. Ümumiyyyətlə, Beynəlxalq Pauerliftinq Assosiasiyasının təşkilatçılığı ilə keçirilən yarışlarda, demək olar ki, haqsızlığa yol verilmir.

- İPA-nın Azərbaycanda təmsilçisi olan Güc İdman Növləri İctimai Birliyini yaratmaqda əsas məqsəd nə idi?


- Bizim əsas məqsədimiz, güc idman növlərinin ölkəmizdə inkişafına nail olmaqdır. Qeyd edim ki, pauerliftinq Azərbaycanda populyarlıq qazanmağa başlayıb. Paytaxtla yanaşı, bölgələrimizdə də birliyin filialları açılmaqdadır. Gəncə, Mingəçevir, Şamaxı və Lənkəranda fəaliyyət göstərən filiallarımıza müraciət edənlərin sayı xeyli artıb. Bölgələrdə paureliftinqə böyük maraq göstərilir. Biz yarışlar təşkil etməklə istedadlı idmançılara dəstək veririk. Rayonlarımızda fəaliyyət göstərən filiallarımız üçün məşqçilər də hazırlayırıq. Yeri gəlmişkən deyim ki, məşq proqramını tam mənimsəyən məşqçiləri bölgələrə göndərəcəyik.


- Ölkəmizdə pouerliftiqlə məşğul olan qızlar varmı?

- Etiraf edim ki, bu növdə gücünü sınayan qızların sayı azdır. Bununla belə, onlar beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Məsələn, Sara Abbasova Avropa cempionu və rekordçusudur.


- Bir az da idmançılarımızın məşq proseslərindən danışardınız.

- Xüsusi proqram çərçivəsində təşkil olunan məşqlərimiz həftədə 3 gün keçirilir. Məşqlərin birinci günü ayaq və sinə əzələlərini möhkəmləndirən hərəkətləri, ikinci gün bel və çiyin əzələlərinin möhkəmliyini təmin edən hərəkətləri yerinə yetiririk. Məşqin üçüncü günü sinə və ayaq əzələləri üçün icra olunan hərəkətlər yenidən təkrarlanır.


- Namiq müəllim, qarşıda sizləri hansı yarışlar gözləyir?

- 2012-ci ilin may ayında Avropa, ilin sonunda isə dünya çempionatında iştirak edəcəyik. Bu çətin və nüfuzlu yarışlara məsuliyyətlə hazırlaşırıq. Milli kamandanın tərkibini də artırmaq niyyətindəyik. Bu məqsədlə ölkədaxili yarışlar keçirir və ən yaxşıları milliyə dəvət edirik. Gələn ilin mart ayında Beynəlxalq Pouerliftinq Assosasiyasının qaydalarına əsasən yarış təşkil edəcəyik və həmin yarışda I-II yerləri tutan idmançılar Avropa cempionatına lisenziya qazanacaqlar. 2012-ci ilin sonlarında iştirak edəcəyimiz dünya cempionatından əvvəl isə Azərbaycan kuboku uğrunda yarışlar keçirməyi nəzərdə tutmuşuq. Yeri gəlmişkən deyim ki, ölkə kubokunun qalibləri dünya cempionatına lisenziya əldə edəcəklər.


- Pouerliftinq yarışlarında yaş məhdudiyyəti varmı?

Bilirsiniz ki, 40 yaşa qədər idmançılar açıq yaş qrupuna daxil edilirlər. Bu yaşdan yuxarılar isə veteran hesab olunurlar. Veteranlar da yaş qruplarına bölünürlər: 40-44, 45-49, 50-54, 55-59 və 70. Yaşı 60-65 olan pouerliftinqçilərin bəzi yarışlarda iştirak etdiyinin şahidi olmuşam. Bu baxımdan pouerliftinqdə yaş məhdudiyyəti barədə konkret söz demək bir az çətindir.


- Yəqin ki, turnirlərdə zyaşlı idmançılarla da rastlaşırsınız…



- Bəli, bəzən belə hadisələr olur. Sentyabr ayında keçirilən Dünya kubokunda 13 yaşlı rusiyalı idmançı Mariana Naumova dünya rekordunu təzələdi. Dediyim odur ki, pouerliftinqdə azlaşlı idmançılar da öz güclərini nümayiş etdirirlər.



- İçtimai Birliyin federasiyaya çevrilməsi gələcək planlarınıza daxil deyil ki?

- Gördüyümüz işləri və nəaliyyətlərimizi nəzərə alaraq, Güc İdman Növləri İctimai Birliyinin federasiya statusu alması arzusundayıq. İnanıram ki, Gənclər və İdman Nazirliyi bizim işimizi qiymətləndirəcək və biz federasiya statusu alacağıq.

Jalə

Bütün xəbərlər Facebook səhifəmizdə