Yozef Blatter irqçilik haqqında dediyi sözlərə görə üzr istədi

Yozef Blatter irqçilik haqqında dediyi sözlərə görə üzr istədi

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Yozef Blatter Bi-Bi-Si-yə müsahibəsində irqçilik haqqında dediklərinə görə üzr istəsə də, istefaya getməkdən imtina edib.

Xarici KİV-lərə istinadən verilən xəbərə görə, Blatter Britaniya mətbuatında xoşagəlməz əks-səda doğurmuş sözləri noyabrın 16-da - İngiltərə premyer-liqasında irqçilik zəminində qopmuş qalmaqalları şərh edərkən söyləyib.

FİFA prezidenti deyib ki, bu məsələni şişirtməyə ehtiyac yoxdur, çünki meydanda irqçi təhqirləri hisslərin coşması ilə izah etmək olar. O, təhqir edən adama əl verib incikliyi unutmağı məsləhət görüb. Baş nazir Devid Kemeronun fikrincə, həmin sözlər Böyük Britaniyada irqçiliyə güzəştə getmək çağırışı kimi qəbul edilib.

Blatter Bi-Bi-Si-yə eksklüziv müsahibəsində bildirib ki, fikirlərini düzgün ifadə etmədiyi üçün üzr istəyir. O deyib: "Bütün millətlərə və mədəniyyətlərə hörmət bəsləmək əsas dəyərlərimdəndir və mən futbola insanları birləşdirən oyun kimi baxıram".

İrqçiliyə və ayrı-seçkiliyə qarşı mübarizənin davam edəcəyini, lakin Britaniya oyunçuları, məşqçiləri, administratorları və siyasətçilərinin çağırışlarına baxmayaraq istefaya getməyəcəyini bildirən 75 yaşlı isveçrəli deyib: "Mən istefa verə bilmərəm. Nə üçün bunu etməliyəm? Problemlə qarşılaşanda onu həll etmək lazımdır. Çıxıb getmək düzgün olmazdı və belə hərəkət döyüşkən ruhum, xarakterim və enerjimlə uzlaşmır".

Məsələ bundadır ki, ingilis futbol azarkeşləri FİFA-nın 2022-ci il dünya çempionatının keçirilməsi hüququnu ötən ilin axırında İngiltərəyə deyil, Qətərə verməsini Blatterə bağışlaya bilmirlər. Federasiyanı korrupsiyada ittiham etmiş Britaniya mətbuatı İngiltərənin sifarişinin bu səbəbdən qəbul olunmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə