Viktor Yanukoviç 2022-ci il qış Olimpiadasının Ukraynada keçirilməsinə iddialıdır

Viktor Yanukoviç 2022-ci il qış Olimpiadasının Ukraynada keçirilməsinə iddialıdır
Ukrayna artıq 2013-cü ildə 2022-ci il qış Olimpiadasının keçirilməsinə sifariş verəcək. Siasport.az saytı xəbər verir ki, bu barədə məlumat verən Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti Sergey Bubka açıqlama yayıb: "Biz indiki mərhələdə Olimpiya oyunlarının konsepsiyasını yüksək səviyyədə işləyib hazırlamaq üçün ekspertlərlə əməkdaşlıq edirik. Bütün bu məsələlərlə bağlı məlumat vermək və növbəti iki ildə atacağımız addımları müəyyənləşdirmək üçün prezidentlə görüşmək niyyətindəyik". Onun sözlərinə görə, sifariş məsələsində Ukrayna ilə hansı ölkələrin rəqabət aparacağını irəlicədən demək çətindir. Belə ki, Olimpiadanı qəbul etmək üçün Kanada və İsveçrə, habelə bu il 2018-ci ilin Olimpiadasının keçirilməsi hüququnu əldə edə bilməyən Almaniya sifariş vermək istəyirlər. Bundan əvvəl Ukrayna Prezidenti Viktor Yanukoviç 2022-ci ilin qış Olimpiya oyunlarının Ukraynada keçirilməsi üçün Beynəlxlaq Olimpiya Komitəsinə sifariş verilməsini təklif edib. Bununla əlaqədar olaraq o, qış idman növlərinə hazırlıq üzrə "Tisovets" Dövlət Olimpiya Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb. Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda deyilir: "Prezidentin ən iddialı ideyalarından biri 2022-ci ilin qış Olimpiadasının keçirilməsi hüququnu Ukrayna üçün əldə etməkdir. Dövlət başçısı dünyanın ən nüfuzlu idman forumunun Karpatda keçirilməsini tamamilə real məsələ sayır. Aydın məsələdir ki, ümumi uğur qazanmaq üçün Ukraynada həm siyasi, həm də texnoloji səviyyələrdə nəhəng hazırlıq işi aparılmalıdır". Ukrayna Prezidenti sözügedən mərkəzi Ukrayna Müdafiə Nazirliyinin eyniadlı idman-sağlamlıq kompleksi nəzdində yaratmağı nəzərdə tutur. Yanukoviçin fikrincə, "Tisovets"in bazasında yüksək səviyyəli infrastruktur yaratmaq olar ki, bu da Ukraynaya 2022-ci ilin qış Olimpiadasının keçirilməsinə real surətdə iddia etmək imkanı verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə