CNN telekanalı: “Azərbaycanlılar şahmat kralı və kraliçası olmağı özləri üçün şərəf sayırlar”
"Azərbaycanda yaşlı əhalinin çoxu nərd oynamağı üstün tutur, gənc nəsil isə şahmatı seçir." Siasport.az saytı xəbər verir ki, bu fikirlər Amerikanın populyar CNN İnternational telekanalı tərəfindən hazırlanmış reportajında səslənib. "Şahmat Azərbaycanda milli idmandır" adlı reportajda Azərbaycanda şahmat oyununun ənənələri, istedadlı gənc şahmatçılar və bu idman növünün inkişaf perspektivləri barədə söhbət açılır. Azərbaycanın şahmatçı qadınlardan ibarət yığma komandasının üzvü, 22 yaşlı Nərgiz Umudova deyir: "Şahmat çox maraqlı və cəlbedici oyundur". Reportajda deyilir: "O, İranda, Gürcüstanda, Rusiyada və Türkiyədə keçirilən yarışlarda Azərbaycanı təmsil etmişdir. 2007-ci ildə o, qadınlardan ibarət yığma komandanın tərkibində Avropa komanda çempionatında 10-cu yeri tutmuşdur. Nərgiz öz həmfikirləri ilə görüşəndə onlar oyun taktikasını müzakirə edir, bir neçə sonrakı gediş barədə fikirləşir, gələcəkdə qrossmeyster olmağı arzulayırlar". Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov qürurla deyir: "Azərbaycanda 66 şahmat klubu fəaliyyət göstərir, 35 min şagird şahmat oynamağı öyrənir". Reportajda deyilir: "Tezliklə Bakıda Şahmat Sarayı yaradılacaqdır. İstedadlı uşaqlar bu sarayda qədim oyunun sirlərini öyrənəcək, "şahı mat qoymağın" yeni üsullarını axtaracaqlar". Azərbaycan şahmatçılarının reytinqində beşinci yeri tutan və Avropanın 100 ən yaxşı şahmatçısı siyahısına daxil olan gənc qrossmeyster Qədir Hüseynov: "Mən altı yaşından şahmat oynamağa başlamışam. 8 yaşında Avropa çempionu olmuşam, 10 yaşında isə şahmatla peşəkar məşğul olmaq qərarına gəlmişəm". Reportajda bildirilir ki, Azərbaycanın kişilərdən ibarət yığma komandası 2009-cu ildə şahmat üzrə Avropa çempionu olub. Hazırda bu komanda dünyada 10-cu yeri tutur. Reportajın sonunda deyilir: "Azərbaycanlılar şahmat kralı və kraliçası olmağı özləri üçün şərəf sayırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB