Güləşçilərimiz Avropa Millətlər Kuboku turnirində mübarizəyə başlayıb

Güləşçilərimiz Avropa Millətlər Kuboku turnirində mübarizəyə başlayıb

Bu gün Rusiyanın paytaxtı Moskvada sərbəst və yunan-Roma güləşi üzrə komandalararası Avropa Millətlər Kuboku turnirinə start verilib. Yarışda klassiklər arasında Azərbaycan, Rusiya, Türkiyə və Belarus, sərbəst güləş üzrə isə Azərbaycan, Rusiya, Türkiyə, Macarıstan, Bolqarıstan və Belarus komandaları medallar uğrunda mübarizəyə girişib. İlk yarış günü sərbəst güləşçilər medallar uğrunda yarışırlar. Yığmamızın heyətində Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq), Emin Əzizov (66 kq), Aleksandr Qostiyev, İbrahim Yusubov (hər ikisi 74 kq), Novruz Temrezov (84 kq), Hacı Əlicanov (96 kq) və Aslan Dzebişov (120 kq) yer alıb.

Yunan-Roma güləşi üzrə yığmamız isə məşqçilər Salih Bora və Şaban Donatın rəhbərliyi altında ilk sınağına çıxacaq. Komandamızı turnirdə Eldəniz Əzizli (55 kq), Kamran Məmmədov (60 kq), Rəsul Çunayev, Azad Əliyev (hər ikisi 66 kq), Rafiq Hüseynov, Emin Əhmədov (hər ikisi 74 kq), Fuad Əliyev (84 kq), Araz Həsənov (96 kq) və Maksim Proxorov (120 kq) təmsil edəcək. Yarışa noyabr ayının 13-də yekun vurulacaq.


Gəray Qiyasov

Bütün xəbərlər Facebook səhifəmizdə