Çempionluq titulunu qorumaq üçün son şans

Çempionluq titulunu qorumaq üçün son şans

Bu gün Yunanıstanın Porto-Karrase şəhərində təşkil olunan şahmat üzrə komandalar arası Avropa çempionatına yekun vurulacaq. Siasport.az idman portalının verdiyi məlumata görə, qitə çempionatının sonuncu, 9-cu turunda kişilərdən ibarət Azərbaycan yığması rumıniyalı həmkarları ilə qarşılaşacaq. Otən turla müqayisədə seçməmizin heyətində bir dəyişiklik olub. Komandamızın kapitanı Vladimir Tukmakov 4-cü lövhədə Eltac Səfərlinin əvəzinə Qədir Hüseynova şans verib. Xatırladaq ki, 8-ci turda Almaniyaya məğlub olaraq liderliyi əldən vermiş şahmatçılarımız, Avropa çempionu titulunu qorumaq üçün mütləq rumınlara qalib gəlməli və paralel keçən Almaniya – Ermənistan görüşünün sülhlə nəticələnməyinə ümid etməlidir. Qeyd edək ki, 8 oyundan sonra aktivində 13 xalı olan yığmamız turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Artıq heç bir iddiası qalmamış qadınlardan ibarət yığma komandamız isə son turda macarıstanlı həmcinsləri ilə üz-üzə gələcək. 8 tura 7 xal hasil etmiş zəriflərimiz macarlar üzərində qələbə qazanmaqla yarışı major notda başa vurmaq niyyətindədirlər.


Gəray Qiyasov

Bütün xəbərlər Facebook səhifəmizdə