Yunanıstanda Azərbaycan şahmatçılarının iştirakı ilə Avropa komanda çempionatı başlanır

Yunanıstanda Azərbaycan şahmatçılarının iştirakı ilə Avropa komanda çempionatı başlanır

Bu gün Yunanıstanda şahmat üzrə 2011-ci ilin Avropa komanda çempionatı start götürür. AzərTAc xəbər verir ki, kişilər arasında yarışda Avropa çempionu olan Azərbaycan yığması haqlı olaraq favoritlərdən biri hesab edilir.

Avropa çempionatında 38 yığma komanda iştirak edəcəkdir. Onların arasında Azərbaycan 3-cü komanda reytinqinə (2727) malikdir. Ən yüksək reytinq Rusiyadadır (2758), onun ardınca Ukrayna gəlir (2729).

Azərbaycan Yunanıstana çempion heyətlə yola düşmüşdür: Vüqar Həşimov, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Eltac Səfərli. Azərbaycan yığmasının məşqçisi Vladimir Tukmakovdur.

Avropa çempionatı İsveçrə sistemi üzrə 9 turda keçiriləcəkdir.

Qadınların yarışında Azərbaycan yığması 28 komanda arasında 17-ci orta ümumkomanda reytinqinə malikdir. Ən yaxşı reytinq Rusiya, Ukrayna və Gürcüstan komandalarınındır. Avropa çempionatında Azərbaycanın qadın yığma komandası aşağıdakı heyətdə çıxış edəcəkdir: Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Nərmin Kazımova və Nərgiz Umudova. Yığma komandanın məşqçisi Fikrət Sideifzadədir.

Hər matçda oyun dörd lövhədə aparılır. Kişilərin turnirində 135 beynəlxalq qrossmeyster, qadınların turnirində isə 40 beynəlxalq qrossmeyster və kişilər arasında 27 beynəlxalq usta iştirak edir.

2009-cu il birinciliyinin yekunları üzrə hazırda Avropa çempionu kişilər arasında Azərbaycan yığması, qadınlar arasında isə Rusiya komandasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə