Azərbaycan gimnastı Moskvada keçirilmiş turnirdə bürünc medal qazanıb
Azərbaycan gimnastı Zöhrə Ağamirova Moskvada keçirilmiş beynəlxalq turnirdə bürünc medal qazanıb. Siasport.az saytı Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 10 yaşlı Bakı idmançısı "Qızıl yarpaq" beynəlxalq yarışlarında çıxış edərək alətsiz hərəkətdə 3-cü yeri tutub. Ölkənin digər gənc idmançısı Gülsüm Şəfizadə nisbətən böyük rəfiqələri Aliyə Qarayeva və Anna Qurbanova ilə birlikdə Tokioda başa çatmış dünya klub çempionatında "Neftçi" kollektivinin triosunun tərkibində çıxış edib. O, medal qazana bilməsə də, yekunda komandanın yüksək – 5-ci yer tutmasında onun da böyük xidməti olub. Şəfizadə özü yapon tamaşaçıların gurultulu alqış sədaları altında finalda yeniyetmələrin turnirinin 6-cı pilləsinə qalxıb. Ölkə yığmasının baş məşqçisi Mariana Vasilyovanın fikrincə, "13 yaşlı Gülsümün 1996- 97-ci il təvəllüdlü gimnastlar dərəcəsində yarışdığı nəzərə alınarsa, bu, pis nəticə deyildir". Məşqçi deyib ki, "Əminəm ki, o, daha yaxşı çıxış edə bilər və biz buna çalışırıq". Komandanın liderinə gəldikdə isə, Qarayeva yarışı 5-ci yerdə başa vuraraq, 3-cü yeri tutmuş ukraynalı Alina Maksimenkodan 0.775 xal geri qalıb. Üç turnirin hamısında Rusiyanın "Qazprom" komandasının gimnastları qalib gəliblər. Qarşıdakı həftə sonu da gimnastika yarışları ilə zəngin olacaq. Belə ki, Aliyə Qarayeva A1 seriyası üzrə İtaliyanın klub çempionatının ikinci turunda iştirak edəcək, müxtəlif yaşlı yeniyetmə qızlar isə Belçikada, Bolqarıstanda və Latviyada keçiriləcək beynəlxalq turnirlərdə çıxış edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB