Ceyhun Əzizli: \"Xəzər Lənkəran\"dan təklif gəlsə, təbii ki, dəyərləndirərəm\"-MÜSAHİBƏ
Oktyabrın 26-da \"UltrAslan-Azərbaycan\" və \"UltraNeftçi\" fan-klublarının rəhbəri Ceyhun Əzizlinin doğum günü idi. Fan-klub rəhbəri 33 yaşını qeyd etdi.
Şad günündə Ceyhunla görüşüb, 33 illik ömrünə nəzər salmasını istədik. 33 yaşını qeyd etdiyi üçün ona 33 sualla müraciət etdik. Siasport.az saytı fanklub rəhbərinin müsahibəsini nəzərinizə çatdırır:
- 1-dən 33-ə necə gəldin?
- Çox çətin sualdı. 33 çox böyük rəqəmdir. Onu deyə bilərəm ki, xoşbəxtəm. Çox arzularıma çatmasam da, adımı qorumuşam.
- Hansı arzuna çatmaq üçün hələ də çalışırsan?
- Arzum odur ki, ölkəmizdə ürəyimiz istəyən futbol olsun.
- Az müddətdə futbolçu olmusan. Bu barədə danış...
- Bəxtim və \"dayday\"ım olmadığından karyeramı erkən bitirmişəm. 21 yaşımda artıq futbolçu deyildim. Bu futbolumuzun durğunluq dövrünə düşür. Böyümək istəyirdim, lakin futbolumuz olmadı.
- Futbol fanatı olmaq qərarına necə gəldin?
- Mən futbol ailəsində böyümüşəm. Qərbi Azərbaycanda doğulmuşam. İlk dəfə 1-ci sinifdə oxuyanda atam məni \"Razdan\" stadionda \"Ararat\"la \"Neftçi\"nin oyununa apardı. İlk dəfə fanat olmağa orda başladım.
- Azarkeşlərin stadiona gəlməməsi futbolun \"olmamağı\"ndandımı?
- Əlbəttə. Azarkeşə nə lazımdır? Futbol. Futbola istirahət etmək üçün gəlirlər. Hazırda azareşlərin stadiona gəlib istirahət etməsi mümkünsüzdür. Gələnlər də məcburiyyətdən gəlir.
- İstirahət etmək əvəzinə əzab-əziyyət çəkilir. Bunun səbəbi nədir?
- Müxtəlif səbəblər var. Azarkeş hakimə etiraz edir, baraban vurur, polis tutub aparır. Ayaqüstə dayanır, polis tutub aparır. Polis gülməli bəhanələr gətirir: \"Yorğunam, 90-cı dəqiqədən sonra qol vuran deyillər, oturun, dəlisiz, başınız xarabdır\". Küsdürürlər camaatı.
- Səni niyə tez-tez polislər saxlayır?
- Hər şeyə müdaxilə edirəm, biganə qala bilmirəm.
- \"Qalatasaray\" azarkeşisən. Təsəvvür edirsən ki, nə vaxtsa Azərbaycanda Türkiyədəki kimi azarkeş bumu olacaq?
- Bizdə elə azarkeşlik olsa, peşəkar klublar olacaq.
- Azərbaycanda azarkeşlər klublara təzyiq edə bilirmi?
- Etirazlar olur. Hakimə etirazlar baş verir, məşqçi dəyişikliyi tələb olunur, lakin toplum bunu etmir.
- Sənin üçün \"Neftçi\"nin ən yaxşı dövrü nə vaxt olub?
- Fikrimcə, müstəqillik illərində ən yaxşı dövr Anatoli Demyanenkonun məşqçi olduğu zamandır.
- Bir müddət azarkeşlər \"Neftçi\"dən küskün oldu. Əvvəllər Tofiq Bəhramov adına stadionda onminlərlə azarkeş olurdu...
- 6 ilə nəzər salaq. 15 yaşından 21 yaşına çatan azarkeşlər \"Neftçi\"nin heç bir uğurunu görməyib. \"Neftçi\" o nəsli sevindirmədi. Peşəkar şəkildə idarəçilik olmadı. Komandanın ən yaxşı futbolçularını yola saldılar.
- Səncə, Böyükağa Hacıyev ötən ilki çempionluğu təkrarlaya biləcəkmi?
- Arzulayıram.
- Azarkeşlik xatirələrindən ən maraqlı hadisələri danış.
- \"Neftçi\"nin oyunu idi. Fərrux İsmayılovun atasının yanında oturan oğlan onu söydü. Orda çox gülməli vəziyyət yarandı. Hamıdan xahiş edirəm ki, futbolçuları təhqir etməsinlər. Onların ataları, qardaşları stadiona gəlirlər.
Başqa bir maraqlı hadisə danışıb. 2000-ci ildə kafedə \"Qalatasaray\"ın \"Lids\"lə oyununa baxırdıq. Həmin oyundan əvvəl xoşagəlməz hadisələr baş vermişdi, azarkeşlər öldürülmüşdü. Hakan Şükür qol vuranda bir nəfər sevinmədi. Soruşdum ki, niyə sevinmirsən, sən türk deyilsən? Dedi ki, mən \"Fənərbaxça\"lıyam.
- \"Neftçi\"nin əsas rəqibi hansı olub? Hansı ki, bu rəqabət nəticəsində futbolda kütləvilik yaransın...
- Əvvəllər \"Neftçi\"nin əsas rəqibi \"Qarabağ\" idi. Sonradan isə \"Xəzər Lənkəran\" bu statusa yiyələndi. Bunu da biz, yəni azarkeşlər etdik.
- Sənin idman mətbuatına münasibətin necədir?
- Mətbuatda bəzilərində tam müstəqillik görmürəm. Tərəfkeşlik edirlər. Ancaq heç kəsdən inciməmişəm. Mən mətbuatdan incimirəm, bütün jurnalistlərə hörmət edirəm. Şəxsi münasibətlərim isə başqa söhbətdir. Mətbuat da futbolun inkişafında mühüm rol oynamalıdır.
- Səni nə qane etmir futbolmuzda?
- Biz futbolumuzu düzgün idarə edə bilmirik. İnsanların çempionata marağı günü-gündən azalır. Bakının iki komandası oynayır, stadionda 150 nəfər olur. Amma axşam şəhərdə hər futbol-klubda azı 100 nəfər \"Qlatasaray\"ın oyununa baxır.
- Bu nədən irəli gəlir?
- Futbolumuzun güzgüsü yığmadı. Yığmaya baxıb kimin marağı yaranar? Foqtsu saxlamağın nə mənası var?
- Günah Foqtsdadı?
- Elxan Məmmədov və Berti Foqtsdadır. Çünki Elxan hər dəqiqə onu tərifləyir.
- Fan-klubunuz millinin oyunlarına niyə getmir?
- Niyə gedək ki? Himn oxunanda heç biri ağzını tərpətmir. Geyindiyi formanın qədrini bilməyən insan necə futbol oynaya bilər? Üç-dörd nəfərdən başqa hamı milliyə hörmətsizlik edir.
- Futbolçuları nəzərdə tutursan?
- Həkimindən tutmuş məşqçisinə qədər. Çertaqonov nə bilir Azərbaycan himni nədi?
- Niyə yeni futbolçu nəsli yetişmir?
- Bu ölkənin birinci divizionunda oyunlar həvəskar səviyyədədir. Hər il U-17, U-19 yığmalarından təzə-təzə adlar çıxır. Onların axırı nə olur? 12 klub var. Yığıblar legionerləri. Legionerlərə verilən pulları toplayıb, Bakıda stadion tikmək olar. Bu gedişlə inkişaf gözlənilmir.
- Yenidən dünyaya gəlsəydin fanat olardın?
- Seçimimdə peşman deyiləm. Fanatı olduğum komandalar da ən yaxşılardır.
- \"Barselona\", yoxsa \"Real\"?
- Təbii ki, \"Barselona\". \"Barselona\" futbol oynayanda baxıb dincəlirik. Futboldan zövq verən komandanı niyə sevməyək?
- 33 yaşına kimi fanat olmusan. Bundan sonra fəaliyyətin nə qədər davam edəcək?
- Futboldan küsmüşəm. Futbol mənim işimdir. Təkcə fanatlıq eləmirəm, özümçün hər oyunu analiz edirəm.
- Hansısa klubdan iş təklif olunsa gedərsən?
- Mən ölənə qədər \"Neftçi\" azarkeşi olacam. Amma məni başqa bir klubda rəsmi işə dəvət etsələr, təbii ki, gedib çalışaram. Niyə getməyim ki? İş başqadı, azarkeşlik başqa.
- Bəs bu təklifi \"Xəzər Lənkəran\" versə?
- Birincisi, məni ora dəvət etməzlər. İkincisi də ki, düşmən klubu deyil ki. Onlar da Azərbaycanı təmsil edir. Təklif gəlsə, təbii ki, dəyərləndirərəm.
- Əvvəllər məşqçi də işləmisən. İndi niyə məşqçilik etmirsən?
- Harda işləyim. İndi kimin adamı var, o işləyir.
- Ən son izlədiyin oyun haqqında danış.
- \"Neftçi\" - \"Qarabağ\" qarşılaşması bəlkə də mövsümün ən maraqlı qarşılaşması seçiləcək. Bu oyunun gözəl alınmasının səbəbi \"Qarabağ\"ın anti-futbol oynamaması oldu. \"Qarabağ\" hesabda irəli çıxandan sonra oyunu \"öldürsəydi\", belə maraqlı alınmazdı. \"Neftçi\" cavabı erkən verdiyinə görə qələbə qazandı.
- Səncə, Qurban Qurbanov milliyə baş məşqçi təyin olunmalıdı?
- Məncə, yox. Çünki orda onun işinə müdaxilə edəcəklər. Buna görə də uğur qazana bilməyəcək. Fikrimcə, Qurban müəllim klublarda işləyib, futbolumuzun inkişafına dəstək verməlidir.
- İlk övladına Arda adını verdin. Yenə oğlun olsa, yenə futbolçu adı qoyacaqsan?
- Hə. Bu dəfə \"Neftçi\"nin futbolçularının adı olacaq. Oğlum olsa, adını \"Neftçi\"nin əfsanəsi Zaur Tağızadənin şərəfinə Zaur qoyacam.
- İndiyədək Azərbaycana gələn ən yaxşı məşqçi kim olub?
- Əvvəl Naci Şensoyu bəyənirdim. Birinci dəfə gələndə \"Turan\"a çox gözəl futbol oynadtı. Karlos Alberto Torres millimizə oyun baxımından bir şey verməsə də, futbolçularımıza çox şey öyrətdi. Fikrimcə, Azərbaycana gəlmiş ən yaxşı məşqçi Anatoli Demyonenkodur. İndikilərdən isə Mirça Rednik.
- Ən çox bəyəndiyin yerli məşqçilər kimlərdir?
- Qurban Qurbanov və Yunis Hüseynov. Mən onları bəyənməsəm, demək ki, futbolu bilmirəm.
- Bəs futbolçulardan kimin adını çəkərdin?
- \"Neftçi\"dən Flavinyo, \"Qarabağ\"dan Roşa, \"Xəzər Lənkəran\"dan isə Adrian Piti.
fanat.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB