Rəşad Abdullayev: "Qolu toy-bayram edən futbolçulardan deyiləm"-AÇIQLAMA

Rəşad Abdullayev: "Qolu toy-bayram edən futbolçulardan deyiləm"-AÇIQLAMA

"Mən hər oyuna çıxanda komandam üçün faydalı olmağa çalışıram. Milli komandaya da çağırılsam, canla-başla millinin şərəfini qorumağa hazıram. Bundan əvvəl Berti Foqts məni milliyə çağıranda zədəm tam sağalmamışdı və mən Foqtsa zədəmin tam sağalmadığını söyədim, o da məni başa düşdü. Ancaq yenidən milli komandaya çağırılsam, böyük məmnuniyyətlə oynayaram". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Neftçi" klubunun yarımmüdafiəçisi Rəşad Abdullayev deyib. Futbolçu hər komandanın özünün daxili nizam-intizam qaydasının olduğunu, intizamı pozan futbolçuların isə cəzalanmalı olduğunu qeyd edib: "Elmar Baxşıyevin əvəzedici heyətə göndərilməsi nizam-intizam qaydaları baxımından edilmişdi. Bu da bizim komandada nizam-intizam qaydalarına ciddi əməl olunduğunu göstərir".


Futbolçu uzaqdan vurduğu gözəl qollar barədə də danışıb: "Uşaqlıqdan uzaqdan zərbələr vurmağa meyilliyəm. Məşqçilər də mənə deyir ki, zərbələrin güclüdür, uzaqdan zərbələr endir. Mən də uzaqdan dəqiq zərbələr endirməyə çalışıram və bunlardan da bəziləri qol olur. Hər oyunçunun bir özəlliyi var. Məndə də yəqin ki, bu, Allah vergisidir".

O, qol vuranda bunu sakit qarşıladığını bildirib: "Qolu toy-bayram edən futbolçulardan deyiləm. Xasiyyətim belədir. Oyundan qabaq bəzi söz-söhbətlər eşidirəm. Bəzi qolları həmin insanlara özümü sübut etmək üçün vururam. Ona görə də vurduğum qolu sakit qeyd edirəm. İçimdən gələndə isə qolu sevinərək də qeyd edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə