Azərbaycan gimnastı Olimpiadanın test-turnirində iştirak edəcək

Azərbaycan gimnastı Olimpiadanın test-turnirində iştirak edəcək

Azərbaycan gimnastı Şakir Şıxəliyev gələn ilin yanvarında Londonda keçiriləcək Olimpiyaqabağı həftə çərçivəsində 2012-ci il Olimpiadasının test-turnirində iştirak edəcək. Siasport.az saytı xəbər verir ki, o, bu hüququ hazırda Tokioda idman gimnastikası üzrə keçirilən təsnifat çempionatında əldə edib. Şəxsi birincilikdə 82.632 bal toplayan 21 yaşlı gimnast ikinci mərhələdə Olimpiya lisenziyaları uğrunda mübarizə aparacaq 24 gimnast sırasına daxil olub. Bu, idmançının karyerasında ən yüksək nəticə olub. Şakir bu il Berlində keçən Avropa çempionatı ilə müqayisədə göstəricilərini 3,5 bal yaxşılaşdırıb. Artıq üç ildir Ştutqartda Anatoli Yarmovski ilə birlikdə Ş.Şıxəliyevi yarışlara hazırlayan 1992-ci il Barselona Olimpiadasının qalibi Valeri Belenki deyibr: "Bu, son 20 ildə Azərbaycanın idman gimnastikasında əsl sıçrayışdır. Şakir yarışlara tam hazır idi. O, nə hamilərini, nə də milli federasiyanı pis vəziyyətdə qoymadı. Nəticədə başqa ölkələrin, o cümlədən Hollandiya, Çexiya, Ermənistan, Argentina və Sloveniyadan olan gimnastları böyük xal fərqi ilə geridə qoydu. Test-turnirə üç ayadək vaxtımız var. Odur ki, ikiqat qüvvə ilə məşq edəcəyik".

Şakir Şıxəliyev ən yaxşı nəticəni dayaqlı tullanma (15.466 bal) hərəkətlərində göstərib. O, alətlərdə bütün məsafəni büdrəmədən keçib.

Gimnast deyib: "Fantastik hisslər keçirirəm. Bu, iştirak etdiyim üçüncü dünya çempionatıdır. İlk dəfədir bütün alətləri səhvsiz keçdim və Olimpiyaqabağı həftədə iştirak etmək hüququ qazandım. Gimnastika Federasiyasına, hamilərimə, məni Tokio yarışlarına çıxarmış məşqçim Aleksandr Şvarçenkoya və məni dəstəkləyən hər kəsə minnətdarlığımı bildirmək istəyirəm. Test-turnirdə maksimum bal toplamaq üçün var gücümlə çalışacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə