“Müstəqil Azərbaycanda idman siyasəti” mövzusunda elmi-praktiki konfrans keçirilib

“Müstəqil Azərbaycanda idman siyasəti” mövzusunda elmi-praktiki konfrans keçirilib

Bu gün Gənclər və İdman Nazirliyində Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan "Müstəqil Azərbaycanda idman siyasəti" mövzusunda elmi-praktiki konfrans keçirilib. Siasport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abıyev, olimpiya çempionu Fərid Mansurov və idman ictimaiyyətinin digər tanınmış üzvləri iştirak ediblər.

Konfransda çıxış edən nazir müavini İ.İsmayılov Azərbaycan müstəqillik qazanandan sonra ölkədə idmanının sürətlə inkişaf etdiyini qeyd edib. O, ümummili lider Heydər Əliyevin Azərbaycan idmanında xidmətlərindən söz açıb. Nazir müavini Milli Olimpiya Komitəsinin prezidenti, ölkə başçısı İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan danışıb. O, hər il Azərbaycanda daha çox beynəlxalq yarışların keçirildiyini, bütün dünyanın diqqətinin ölkəmizdə olduğunu deyib. İ.İsmayılov ölkədə istifadəyə verilmiş olimpiya komplekslərindən və digər idman qurğularından söz açıb.

Daha sonra o, iştirakçıları konfransın gedişatı ilə tanış edib. İ.İsmayılov bidirib ki, tədbirdə 18 çıxış dinlənəcək. Konfransın plenar və bölmə olaraq iki hissəyə ayılacağını qeyd edən nazir müavini, tədbirin davamının A.Abıyevin rəhbərliyi altında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçiriləcəyini vurğulayıb.

Daha sonra çıxış edən A.Abıyev idmançılarımızın olimpiya oyunlarında çıxışlarından söz açıb və hər olimpiadada medallarımızın sayının artdığını dilə gətirib. O, ulu öndər Heydər Əliyevin idmançılarımıza və idmanımıza xüsusi diqqətindən danışıb.

Daha sonra konfransda digər çıxışlar dinlənilib.


Bütün xəbərlər Facebook səhifəmizdə