Bernhard Lippert: \"İlk qolu buraxmağımıza müdafiədəki adi ehtiyatsızlıq səbəb oldu\"-AÇIQLAMA

Bernhard Lippert: \"İlk qolu buraxmağımıza müdafiədəki adi ehtiyatsızlıq səbəb oldu\"-AÇIQLAMA

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində AFFA Futbol Mərkəzindəki \"Dalğa Arena\"da keçirilmiş Azərbaycan – Belçika oyunundan sonra təşkil olunmuş mətbuat konfransında hər iki komandanın baş məşqçisi fikirlərini bildirib. Siasport.az saytı baş məşqçilərin fikirlərini diqqətinizə çatdırır:


Bernhard Lippert (Azərbaycan U-21 yığmasının baş məşqçisi): \"İlk yarım saat ərzində yüksək səviyyədə, çox gözəl oynadıq. Həmin zaman kəsiyində rəqibi 2 dəfə məyus etməyimiz təsadüfi deyildi. Üstəlik, daha çox qol vurmaq imkanımız var idi. Təəssüf ki, futbolçularımız əlverişli vəziyyətlərdən yararlana bilmədilər. İlk qolu buraxmağımıza müdafiədəki adi ehtiyatsızlıq səbəb oldu. Bu qoldan ruhlanan rəqibimiz daha bir dəfə fərqlənərək məğlubiyyətdən qaçdı\".


Franki Dyuri (Belçika U-21 yığmasının baş məşqçisi): \"Birinci hissədə Azərbaycan yığması çox yaxşı oynadı. Topsuz qaldığımız üçün yalnız müdafiə barədə düşünməyə məcbur idik. Bunun nəticəsində 2 qol buraxdıq. Ancaq fasilədən sonra oyuna nəzarəti ələ keçirməyə çalışdıq və hesabı bərabərləşdirdik. Futbolçularım daha sürətli oynasaydılar, bəlkə də nəticə başqa cür ola bilərdi\".


Bütün xəbərlər Facebook səhifəmizdə