Premyer Liqanın VIII turu çərçivəsində keçirilən "Simurq" - "Neftçi" oyunundan sonra matçın baş hakimi Rövşən Əhmədov "hədəf"ə tuş gəldi. Əslində isə bu əvvəlcədən hazırlanmış planın bir hissəsi idi. Əhmədovu "vurmaq" istəyən müəyyən qüvvələr bu matçdan öncə gərginliyi süni şəkildə artırmağa başladı. Xüsusilə də "Simurq" rəsmilərinin hay-həşiri vəziyyəti daha da gərginləşdirdi. Matçdan öncə "Simurq"a və azarkeşlərə müəyyən qüvvələr tərəfindən Rövşən Əhmədovun bu oyunu qərəzli idarə edəcəyilə bağlı gizli mesajların verilməsi hazırlanmış ssenarinin bir hissəsi idi.
Oyundan əvvəl müəyyən qüvvələr tərəfindən atılmış bu addımın məqsədi, hakimi psixoloji təsirdə saxlamaq, yerli azarkeşləri hakimə qarşı qaldırmaq və "Simurq" rəsmilərini hakimin əleyhinə neqativ hərəkətlər etməyə sövq etmək idi. Planın bu hissəsi uğurlu alındı.
Planın ikinci hissəsi isə matça təyin olunan hakim-inspektor Qurban Məmmədov idi. Nə üçün Məmmədov? Çünki, Qurban müəllimin obyektiv, ədalətli, vicdanlı və ən əsası savadlı bir hakim-inspektor olduğu hamıya bəllidir. Qurban Məmmədov inspektor təyin olunan oyunlarda hakim onun qardaşı olsa belə, oyunu idarə etməsinə uyğun qiymət yazır. Bir sözlə belə şeydə xahiş, minnətə baxmır, "nemes" kimi bir insandır. Ona görə də Rovşən Əhmədov matçı idarə edərkən səhvlərə yol verdiyi təqdirdə, Məmmədov aşağı qiymət verərək Əhmədovun "belini qıracağı" düşünülmüşdü.
Təbii ki, hakimə bu qədər psixoloji təzyiqlər, matçdan öncə süni gərginlik yaratmaq və Əhmədovdan bir "çepe" axtarmaq hakimin oyuna motivasiya olmasına mənfi təsir edirdi. Qəsdən süni şəkildə yaradılmış bu atmosfera Əhmədovun oyuna normal motivasiya oluna bilməyib səhv etməsi üçün düşünülmüş bir addım idi.
Üçüncü plan isə Rövşən oyunda səhvlər etdikdən sonra, onun qərəzli olduğu və artıq yaşlandığı, normal hakimlik edə bilmədiyi kimi ictimai fikir formalaşdırmağa çalışılacaqdı.
Ən ali məqsəd isə, Rövşən Əhmədovu belə süni şəkildə yaradılmış skandallardan sonra cəzalandırmaq və yavaş-yavaş hakimlikdən tam uzaqlaşdırmaq idi.
Hə... deyəsən cənablar alınmadı! Əhmədovun peşəkarlığı bu plan üzrə cərəyan edəcək hadisələırin qarşısını qismən də olsa aldı.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, həmin matçın hakim-inspektoru Qurban Məmmədov Rövşən Əhmədovun bu oyundakı hakimliyinə 8.1 bal qiymət yazıb. Bu isə ədalətin hələ də itmədiyindən xəbər verir. Qurban müəllim isə yeganə hakim-inspektordur ki, hakimə yazdığı qiyməti əsaslandırmağı bacarır.
Təbii ki, Əhmədova yazılan bu qiymət hazırlanmış planın qismən də olsa qarşısını aldı.
Rövşən Əhmədovun oyunu necə idarə etməsilə bağlı bir neçə mütəxəssislə müzakirə apardıq. Uzun sürən müzakirənin yekununda isə mütəxəssislər Əhmədovun oyunu yaxşı idarə etdiyi qərarına gəldilər. "Simurq"un hakimin yanlış qərar verdiyi idiia elədikləri epizodlara baxıb müzakirə etdikdən sonra, düzgün təyin olunmamış autdan və xırda hakim səhvlərindən başqa, Əhmədovun oyunun yekun nəticəsinə təsir edən səhv qərarlar qəbul etmədiyi qənaətinə gəldik. Xırda hakim səhvləri isə bütün hakimlərdə ola biləcək bir şeydir. Əsas məsələ, xırda səhvlərin heç birinin matçın yekun nəticəsinə təsir etmədiyidi.
Maraqlıdır, Əhmədovun matçda elə də ciddi səhv etmədiyini nəzərə alsaq, ona bu qədər təzyiqin edilməsi hansı səbəblərdəndir? Əhmədovu qəsdən ictimaiyyətin, AFFA-nın prezidenti Rövnəq Abdullayevin, klubların gözündən salmaq istəyirlər. Ona insanlığa yaraşmayan ləkələr yaxmaq niyyətindədilər.
Saçını hakimlikdə ağartmış belə təcrübəli mütəxəssis haqqında əsassız iddialar irəli sürmək ən azından insanlığa yaraşmaz. Damarlarında azərbaycanlı qanı axan kəslər başa düşməlidilər ki, əgər futbolumuzun inkişafını istəyiriksə, mütəxəssislərimizin qədrini bilməliyik. Hakimlikdə 21 illik təcrübəsi olan mütəxəssisimizi kimlərinsə şəxsi maraqlarına qurban vermək olmaz. Rövşən Əhmədov bəzi şəxslərin göstərişlərini yerinə yetirmədiyi üçün qara yaxılaraq "vurulmamalıdır"?
Azərbaycan futbolunda yeni tendensiya yaranıb. Hansı klub rəsmisi düşünürsə ki, hakim oyunu düzgün idarə etməyib, birbaşa hakimin üstünə cumub haqq-hesab çürütmək istəyirlər. Bu, artıq çempionatımızdakı biabırçılığın pikk həddinə çatıb.
Zöhrab Əliyev "Bakı" və "Neftçi"ylə oyunda Rövşən Əhmədovun oyun idarə etməsindən şikayət edib, amma komandanın baş məşqçisi Sergey Yuran məğlubiyyət səbəblərini qapıçı səhvlərilə əlaqələndirib. Hakimliklə bağlı əsassız iddiialar edincə, yaxşı olar ki, "Simurq"un inkişaf edib "Bakı"və "Neftçi" səviyyəsinə çatmasına çalışasınız.
Haqq incələr, ancaq qırılmaz!
Haqq-ədalət tərəzisində həmişə düzgünlük qalib gəlir!
İLKİN VİDADİOĞLU
MUNDİAL.AZ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB