\"Qalatasaray\"ın futbolçusu Braziliya millisində çıxış edəcək?

\"Qalatasaray\"ın futbolçusu Braziliya millisində çıxış edəcək?
İstanbulun \"Qalatasaray\" futbol klubunun İtaliyanın \"Yuventus\" futbol klubundan transfer etdiyi braziliyalı futbolçu Felipe Melo, artıq öz yaradıcı və texnikalı oyunu ilə hər kəsin diqqətini üzərinə cəlb etməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, \"Qalatasaray\"a gəlməmişdən əvvəl italyan klubunda fasilələrlə meydana çıxan və baş məşqçilərlə problem yaşayan braziliyalı futbolçu, məhz İstanbul klubunun heyətində parlamağa başlayıb.
Onun artıq 4 qarşılaşmadır ki, meydanı rəqib qapısına qol vurmadan tərk etməməsi təkcə Türkiyədə deyil, elə öz doğma vətənində də maraqla qarşılanıb. Belə ki, Braziliya mətbuatı bu futbolçunun Fatih Terimin rəhbərliyi altında əla mövsüm keçirdiyini yazaraq, eyni zamanda onun futbol üzrə Braziliya milli komandasının baş məşqçisi Mano Menezesin diqqətində olduğunu xəbər verirlər. Braziliya mətbuatının yazdığına görə, baş məşqçi onunla yanaşı, \"Palermo\", \"Şaxtyor\" və \"Anderlext\"də çıxış edən bir neçə gənc braziliyalı futbolçunu da diqqətdə saxlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə