Azərbaycan Premyer Liqasında VIII turun oyunları sentyabrın 30-da keçiriləcək. Siasport.az saytı xəbər verir ki, son iki turda çempionluq uğrunda əsas rəqiblərindən olan "Neftçi" və "Xəzər Lənkəran"a məğlub olan "Qəbələ" "Rəvan"la qarşılaşacaq. "Qəbələ" doğma meydanda "Rəvan"ı məğlub etməklə azarkeşlərinə son turlardakı uğursuzluqları unutdurmağa çalışacaq. Bu oyunda Toni Adams sarı vərəqə cəzalısı olan müdafiəçi Vurğun Hüseynovun xidmətindən yararlana bilməyəcək. Ötən tur Vladislav Qədirovun rəhbərliyi altında "Turan"ı səfərdə məğlub etməklə mövsümdə ilk qələbəsini qazanan "Rəvan"ı güclü rəqiblə oyunda heç-heçə də qane edə bilər. Qeyd edək ki, ötən tur "Rəvan"ın qələbə qolunu vuran Reis Klaudinei, həmçinin Taqim Novruzov "Qəbələ"yə qarşı forma geyinməyəcək.
Ötən iki turda əldə etdiyi qələbələrlə təhlükəli zonadan uzaqlaşan "Simurq" son çempion "Neftçi"i ilə qarşılaşacaqk. Ehtiyatda "Qarabağ"la oyunu olan "Neftçi" hazırda 12 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Neftçi"nin əsas qol ümidlərindən olan Flavinyo zədəli olduğundan Zaqatalada meydana çıxmayacaq. "Simurq"un heyətində isə qırmızı vərəqə cəzalısı müdafiəçi İlkin Qırtımov "Neftçi" ilə oyunda iştirak etməyəcək. Qeyd edək ki, "Simurq" indiyə kimi Zaqatalada keçirilmiş heç bir oyunda "Neftçi"ni məğlub edə bilməyib.
Turun mərkəzi qarşılaşmalası "Şəfa" stadionunda keçiriləcək. "İnter" turnir cədvəlinin lideri "Xəzər Lənkəran"ı qəbul edəcək. "Xəzər Lənkəran" cari mövsümdə məğlub olmayan yeganə komandadır. Yalnız "Rəvan"la səfər oyununda heç-heçə edən cənub təmsilçisi çempionluq yarışında iddialı rəqiblərindən olan AZAL, "Neftçi", "Qarabağ" və "Qəbələ"ni artıq məğlub edib. Stabil oyun nümayiş etdirə bilməyən "İnter" isə 11 xalla turnir cədvəlinin 5-ci pilləsində qərar tutub. İndiyə qədər 24 dəfə qarşılaşan komandaların görüşlərində 7 dəfə "Xəzər Lənkəran", 5 dəfə isə "İnter" meydandan qələbə ilə ayrılıb. 12 qarşılaşma isə sülhlə bitib. "İnter" "Xəzər Lənkəran"ın vurduğu 26 qola qarşı 24 dəfə fərqlənə bilib.
"Kəpəz" Gəncə şəhər stadionunda autsayder "Sumqayıt Şəhər"i qəbul edəcək. Ötən tur Ceyhun Sultanov və Razvan Tarleanın yoxluğunda "İnter"lə səfərdə heç-heçə edən "Kəpəz" 10 xalla turnir cədvəlinin 7-ci pilləsindədir. Gəncə təmsilçisi "Xəzər Lənkəran"la birgə cari mövsümdə ən çox qol vuran komandadır - 13 qol. Lakin qapısından 12 top buraxan "Kəpəz" AZAL-la birgə həm də çempionatın ən çox qol buraxan komandasıdır. Unibank Premyer Liqasında qələbə qazana bilməyən yeganə komanda olan "Sumqayıt Şəhər" "Kəpəz"i məğlub etsə də, autsayderlər qrupundan çıxa bilməyəcək. Belə ki, 2 xalla son pillədə qərarlaşan "Sumqayıt Şəhər" 11-ci pillənin sahibi "Turan"dan 4 xal geridədir.
Paytaxt derbisində "Bakı" AZAL-ı qəbul edəcək. Ötən tur səfərdə son çempion "Neftçi"yə məğlub olan "Bakı" AZAL üzərində qələbə qazanmaqla turnir cədvəlindəki mövqeyini qorumağa çalışacaq. Qeyd edək ki, "Bakı" 11 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və onu 2-ci pillənin sahibi "Neftçi"dən cəmi bir xal ayırır. Son üç turda cəmi 1 xal qazanan AZAL "Bakı" üzərində qələbə qazanacağı təqdirdə bu uğursuz oyunlar seriyasına son qoyacaq. 8 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan "təyyarəçilər"in heyətində kapitan Aqil Nəbiyevin paytaxt derbisində meydana çıxacağı gözlənilir.
Son turlar uğursuzluq zolağına düşən "Turan" isə "Qarabağ"ın qonağı olacaq. "Dalğa Arena"da keçiriləcək qarşılaşmaya hər iki komanda itkilərlə çıxacaq. "Qarabağ"ın heyətində qırmızı vərəqə cəzalısı Georgi Adamiya və zədəli Rauf Əliyev, "Turan"ın heyətində isə cəzalı Zura Dzamsaşvili meydana çıxmayacaq. Son 3 turda meydanı xalsız tərk edən "Turan" təhlükəli zonaya düşüb. Qeyd edək ki, çempionat oyunları çərçivəsində "Qarabağ" artıq 9 oyundur ki, "Turan"a məğlub olmur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB