"Hamımız qələbə haqda düşünürük"

"Hamımız qələbə haqda düşünürük"

Sentyabrın 30-da Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirəcək 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvləri fikirlərini bildiriblər. Siasport.az saytı futbolçuların fikirlərini nəzərinizə çatdırır:


Əminə Heydərova: "Oyunlar Bakıda keçirildiyinə görə yaxşı nəticə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik. Bunu bacaracağımıza inanıram". U-17 yığma komandası təxminən 1 il əvvəl yaradılıb. Bu müddət ərzində çox gərgin məşqlər keçirdik. İndi isə ilk rəsmi oyunumuza çıxacağıq.

Melis Sarıaltın: "Azərbaycan yığmasında oynamaqdan qürur duyuram. Əvvəllər də atamla Bakıya gəlmişdik. Atam əslən Azərbaycandandır. Komandada ab-hava çox yaxşıdır. İnşallah, yaxşı nəticələr qazanarıq. Yığmanın heyətində olduğuma görə çox şadam".


Şəfər Nəsirova: "Oyunlara ciddi hazırlaşmışıq. Komandada əhval-ruhiyyə çox yaxşıdır. Bu bizim ilk rəsmi oyunumuz olacaq. Azarkeşlərin bizi dəstəkləmələrini, kömək olmalarını istəyirik. Onların dəstəyi bizə güc verəcək".


Leyla Solmaz: "Hazırda U-17 yığmanın üzvüyəm. Uşaq vaxtlardan arzularımdan biri də nə vaxtsa Azərbaycan yığma komandasında oynamaq idi. Azərbaycanı çox sevdim, bura gəldiyimə görə çox şadam. Biz bir ailə kimiyik. Qızlara çox yaxşı baxırlar. Atam da azərbaycanlıdır. Yığmanın oyunlarını izləyirəm. İnşallah, rəsmi oyunların hamısında qələbə qazanarıq".

Olya Şioşvili: "Rəsmi oyunumuza iki gün qalıb. İnşallah, yaxşı oynayıb, qələbə qazanarıq. Rəqiblərimiz güclü komandalar olsalar da, onlardan çəkinmirik. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Sevinc Qurbanova: "Qızlarımız oyuna hazırdır. İstəyirik ki, stadiona çoxlu azarkeş gəlsin və bizi dəstəkləsin. Biz də oyunumuzla onları sevindirməyə çalışacağıq. Hamımız qələbə haqda düşünürük və inşallah, məqsədimizə çatarıq".


Bütün xəbərlər Facebook səhifəmizdə