Dünya çempionatında Azərbaycan boksçularının ilk rəqibləri məlum olub

Dünya çempionatında Azərbaycan boksçularının ilk rəqibləri məlum olub

Boks üzrə dünya çempionatında Azərbaycan idmançılarının ilk rəqibləri məlum olub. Siasport.az saytı xəbər verir ki, püşkatma mərasimində Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov, milli komandamızın məşqçiləri Yevgeni Kotov və Nəriman Abdullayev iştirak ediblər. AİBA-nın icraçı direktori Xo Kim iştirakçı ölkələr və idmançılar haqda məlumat verdikdən sonra püşkatma mərasimi başlayıb.

49 kq çəki dərəcəsində mübarizə aparacaq Salman Əlizadə 1-ci mərhələdən azaddır. Həmyerlimiz növbəti raundda Denis Kozaruk (Ukrayna) – Abdeali Daraa (Mərakeş) cütünün qalibi ilə qarşılaşacaq.

52 kq çəki dərəcəsində yarışacaq Elvin Məmişzadənın ilk rəqibi indoneziyalı Julio Bria olacaq.

Rəhim Nəcəfov dünya çempionatına ingiltərəli Luke Kempbellə döyüşlə başlayacaq.

Elvin İsayev isə ilk görüşünü isveçli Raduen Kayaya qarşı keçirəcək.

Son Avropa çempionatının bürünc mükafatçısı Heybətulla Hacəliyev Misirli Əli İslamı məğlub etməyə çalışacaq. 69 kq çəki dərəcəsində mübarizə aparacaq Emil Əhmədovun ilk rəqibi italiyalı Danilo Kreati olacaq.

Ramil Əliyev ikinci mərhələdə Rasul Yuldaşev (Türkmənistan) – Georginel Hau (Rumınya) döyüşünün qalibi ilə üz-üzə gələcək.

Avropa çempionu Teymur Məmmədov da ilk mərhələdən azaddır. Onun ikinci rəqibi ya makedoniyalı Dimitar Taşkov, ya da barbadoslu Emanuel Anderson olacaq.

Superağır çəki dərəcəsində döyüşəcək Məhəmmədrəsul Məcidov ikinci mərhələdə Madian Kassem (Misir) – Sərdor Abdullayev (Özbəkistan) cütünün qalibi ilə görüşəcək.

Boksçularımızdan ilk olaraq sentyabrın 27-də Elvin Məmişzadə və Rəhim Nəcəfov rinqə çıxacaqlar.


Bütün xəbərlər Facebook səhifəmizdə