Rəşad Sadiqov "Qarabağ" klubunun uğursuzluğunun səbəbini açıqladı

Rəşad Sadiqov "Qarabağ" klubunun uğursuzluğunun səbəbini açıqladı

"Qarabağ" sabah AZAL-la qarşılaşacaq. Siasport.az saytı xəbər verir ki, Premyer Liqanın 7-ci turunda vacib görüşə çıxacaq komanda qələbə qazanaraq uğursuzluğu unutdurmaq istəyir. "Qarabağ"ın kapitanı Rəşad Sadiqov oyunöncəsi matçla bağlı fikirlərini bildirib: "Bütün oyunlarda olduğu kimi AZAL-la görüşə də qələbə üçün çıxacağıq. Turnir cədvəlində vəziyyətimiz yaxşı deyil. Hazırda 8-ci pillədə qərarlaşmışıq ki, bu da bizə yaraşan yer deyil. Amma "təyyarəçi"lərlə oyuna adi oyun kimi hazırlaşırıq. Əlavə gərginlik bizə çətinlik yarada bilər. AZAL yaxşı müdafiə olunma qabiliyyətinə malikdir. Oyunları alınanda qarşısıalınmaz olurlar. Öz meydanları olduğu üçün onlar da qələbə üçün vuraşacaqlar. Belə də maraqlı oyun olacaq. Görüşün süni ot örtüklü meydançada olmasının həm yaxşı, həm də mənfi tərəfi var. Meydana ağır olsa da, düz olduğuna görə topla hərəkət etmək daha əlverişli olar. Ötən mövsüm AZAL-ın 2-ciliyi əlimizdən almasını unutmuşuq. Daha dəqiqi, bu haqda fikirləşmək bizə fayda verməyəcək. Ona görə də sadəcə öz oyunumuza köklənməyə çalşırıq. Əsas hədəfimiz uğursuzluq zolağından çıxmaqdır. Bilirik ki, ardıcıl 2 qələbə bizə yenidən zirvə üçün vuruşmağa şərait yaradacaq. Bizim problemimiz hər halda ümumi yorğunluqla bağlıdır. Düzdür, bu bir qədər təkrarçılıqdır, amma həqiqətən də 3 il istirahət etmədən oynamaq öz sözünü deyir. Ona görə də bizdə enişin zaman-zaman müşayət olunması normaldır. Amma bu mövsüm hədəfimiz daha yuxarıda qərarlaşmaq olduğuna görə daha artıq fədakarlıq etməliyik. AZAL hər nə qədər çətin rəqib olsa da, öz sözümüzü deməliyik".


Bütün xəbərlər Facebook səhifəmizdə