Azərbaycan Premyer Liqası, VII turun oyunları

Azərbaycan Premyer Liqası, VII turun oyunları

Bu gün "Turan"­–"Rəvan" qarşılaşması ilə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək. Siasport.az saytı xəbər verir ki, son iki turda meydandan məğlubiyyətlə ayrılan "Turan" Tovuzda "Rəvan" üzərində qələbə qazanaraq öz azarkeşlərinə əvvəlki məğlubiyyətləri unutdurmağa çalışacaq. "Turan" bu oyunda məğlub olarsa təhlükəli zonaya yaxınlaşa bilər. Qeyd edək ki, Vladislav Qədirov "Rəvan"ın baş məşqçisi kimi Azərbaycan Premyer Liqasında ilk oyununa çıxacaq.


"Paytaxt derbisi"ndə "Neftçi" "Bakı"nı qəbul edəcək. Hər iki komanda üçün doğma olan Tofiq Bəhrəmov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada "Neftçi" ev sahibi qismində meydana çıxacaq. Bu, iki paytaxt təmsilçisinin 19-cu qarşılaşması olacaq. Qeyd edək ki, bundan əvvəl keçirilmiş 18 qarşılaşmadan 8 dəfə "Neftçi", 6 dəfə isə "Bakı" qalib ayrılıb, 4 oyun isə heç-heçə başa çatıb. Vurulan qollarda isə "Neftçi"nin minimal üstünlüyü nəzərə çarpır – 19-18. Son iki turda meydandan qalib ayrılan Aleksandrs Starkovsun komandası hazırda 11 xalla turnir cədvəlinin 2-ci pilləsində, son çempion "Neftçi" isə 9 xalla 5-ci pilləsində qərar tutub. Artıq zədəsini tam bərpa etmiş Emil Mpenzanın "flaqman"ın heyətində meydana çıxacağı gözlənilir.


VII turun ilk oyun gününə "Xəzər Lənkəran"– "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq. Ötən tur səfərdə "Neftçi"yə uduzaraq cari mövsümdə ilk məğlubiyyətini alan "Qəbələ" bu tur daha bir çətin rəqiblə qarşılaşacaq. Zirvə yarışında "Xəzər Lənkəran"ı addım-addım izləyən "Qəbələ" "Neftçi"yə məğlub olaraq üçüncü pilləyə gerilədi. 16 xalla turnir cədvəlinin zirvəsində olan "Xəzər Lənkəran"dan "Qəbələ"ni 5 xal ayırır. Bu qarşılaşmadan qalib ayrılan tərəf zirvə yarışında çox vacib xallar qazanacaq. Oyunun heç-heçə bitməsi isə bu iki komandanın rəqiblərinin xeyrinə olacaq. Xatırladaq ki, "Qəbələ" bu oyunda cəzası ləğv olunan kapitan Mahir Şükürovun xidmətindən yararlana biləcək.


VII turun ikinci oyun günündə "Sumqayıt Şəhər"– "Simurq", AZAL– "Qarabağ" və "İnter"– "Kəpəz" qarşılaşmaları keçiriləcək. Ötən tur doğma meydanda "Kəpəz" üzərində ilk qələbəsini qazanan "Simurq" autsayder "Sumqayıt Şəhər"in qonağı olacaq. Hər iki komanda üçün bu qarşılaşma təhlükəli zonadan uzaqlaşmaq baxımından böyük əhəmiyyət kəsb edir. Mövsümdə hələ də qələbəsi olmayan "Sumqayıt Şəhər" 2 xalla həm də çempionatın ən az qol vuran komandasıdır. Güclü komandalarla oyunda inamlı təsir bağışalayan "Simurq" səfər oyunlarında bir qayda olaraq zəif çıxış edir. Qeyd edək ki, ötən tur qırmızı vərəqə alan İlkin Qırtımov "Simurq"un heyətində "Sumqayıt Şəhər"lə oyunda meydana çıxmayacaq.


Son üç turda vacib xallar itirən "Qarabağ" paytaxt təmsilçisi AZAL-ın qonağı olacaq. Ötən tur doğma meydanda "Xəzər Lənkəran"a məğlub olan Ağdam təmsilçisi çempionluq yarışında vacib xallar itirdi. "Xəzər Lənkəran"la oyunda zədələnən "Qarabağ"ın hücumçusu Rauf Əliyev "təyyarəçilər"ə qarşı forma geyinə bilməyəcək. Lakin bir müddət öncə zədələnən Zaur Həşimov və Emin İmaməliyev artıq komandayla məşqlərə başlayıb. Qurban Qurbaovun komandası AZAL üzərində qalib gəlməklə uğursuz oyunlar seriasına son qoymağa çalışacaq. Bu komandalar arasında AZAL-ın meydanında keçirilən son üç oyunda Ağdam təmsilçisinin qalib gələ bilmədiyini qeyd etmək lazımdır.


"İnter" – "Kəpəz" qarşılaşması ilə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulacaq. Hazırda "İnter" 10 xal ilə turnir cədvəlinin 4-cü pilləsində, "Kəpəz" isə 9 xalla 6-cı pilləsində qərarlaşıb. Altı tur arxada qalsa da, hər iki komanda stabil oyun nümayiş etdirə bilmir. Əyalət təmsilçisi "İnter"ə qarşı oyunda birdən-birə iki futbolçunun - ötən tur qırmızı vərəqə alan Razvan Tarlea və Ceyhun Sultanovun xidmətindən yararlana bilməyəcək. Bu komandalar arasında paytaxtda keçirilən üç qarşılaşmanın hamısında "İnter" rəqibindən üstün olub.



Bütün xəbərlər Facebook səhifəmizdə