Futbol üzrə son ölkə çempionu "Neftçi"nin cari mövsümdə Azərbaycan çempionatında çıxışı o qədər də ürəkaçıcı deyil. Çempion komanda Premyer Liqada keçirdiyi oyunlarda yalnız debütantlar, autsayderlər "Rəvan", "Sumqayıt Şəhər" və özündən zəif olan "Qəbələ" üzərində qələbə qazana bilib. Komanda 2 dəfə isə məğlubiyyətlə üzləşib. Kifayət qədər güclü olan, əzəli rəqibi "Xəzər Lənəkəran"la qarşılaşmada "Flaqman" məğlub olub. AZAL klubu ilə görüşdə isə "təyyarəçilər" "Nefçi"nin qapısından 3 top keçiriblər. Bunun müqabilində "Flaqman" cəmi bir dəfə fərqlənə bilib.
Bu nəticələr Böyükağa Hacıyevin komadaya baş məşqçi təyin olunmasından sonra işinə heç də uğurlu başlamadığını göstərir. Komadanın rəhbərliyi ötən mövsümdəki uğurların daha da artacağını düşünsə də, hələ ki, gözlənilən nəticə yoxdur. Son oyunda "Qəbələ" üzərində qələbə isə "Neftçi"nin güclü rəqib olması yox, "Qəbələ"nin zəif oynamasının bəhrəsi idi. "Qəbələ" klubunda hücum xəttində problemlərin olması "Flaqman"ın müdafiəçilərinə rahat oynamağa şərait yaratmışdı. Bunu oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Böyükağa Hacıyev özü də etiraf etmişdi: "Bu gün bəxt də bizim tərəfimizdə idi. Komandamın oyunundan razı qaldım. Viktor Mendinin oynamaması "Qəbələ"nin oyununda özünü göstərdi. Hücumda bir qədər dişsiz görünürdülər".
Baş məşqçi komandasının bəxtin hesabına qalib gəlməsinin nə demək olduğunu yəqin ki, başa düşür.
"Neftçi" - "Qəbələ" matçını izləyərkən oyunda bəzi futbolçuların topla təmin olunmasında da problemlərin olduğu açıq-aşkar görsənirdi. Müdafdiəçi Rail Məlikovun sağ cinahla hücumlara dəstək verməsi futbolçunun fiziki hazılığının həqiqətən də yerində olmasını göstərir. Ancaq müdafiəçinin irəli çıxıb topla təmin olunmaması isə anlaşılmazdır. Rail, həm də hücum zamanı çox əlverişli yer seçməyi, nəzarətdən yayınmağı bacarır. O, cərimə meydançasına çox rahatlıqla keçə biləcəyi təqdirdə hücumameyilli yarımmüdafiəçilər və hücumçuların xəsisisliyi nəticəsində topsuz qalırdı. Belə vəziyyətlərin çoxunda isə komandanın hücumu başlanmamış bitmiş olurdu.
Çempionatda hələ heç nəyin itrilmədiyi məlumdur. Ancaq "Neftçi" kimi köklü bir klubun, son ölkə çempionunun bu cür oyun göstərməsini komandanın başqa problemləri ilə yanaşı, rahatlaşması və özündənrazılığı kimi başa düşmək olar.
Növbəti turda "Neftçi" "Bakı" klubu ilə qarşlaşacaq. "Bakı" klubu cari mövsümdə çox pis nəticələr göstərsə də, bu matça xüsusi hazırlaşacağı məlumdur. Hər halda "Qəbələ" ilə oyundan sonra baş məşqçi Böyükağa Hacıyev də azarkeşlərin daha yaxşı oyununun şahidi olacaqlarına söz vermişdi: ""Neftçi" daha yaxşı oyun nümayiş etdirəcək, ancaq bunun üçün zamana ehtiyacımız var".
Elgün Vidadioğlu
Siasport.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB