"Xəzər Lənkəran" - "Qəbələ": prevyu-STATİSTİKA

"Xəzər Lənkəran" - "Qəbələ": prevyu-STATİSTİKA

Bu həftə "Xəzər Lənkəran" Premyer Liqada növbəti ev oyununa çıxacaq. Siasport.az saytı xəbər verir ki, yeddinci turda komandanın qonağı "Qəbələ" klubudur.

Hazırkı statistika. Altı oyunun yalnız birində xal itirən "Xəzər Lənkəran" hazırda turnir cədvəlinə başçılıq edir. Rəqib də mövsümə pis başlamayıb. "Xəzər Lənkəran"dan beş xal geri olan "Qəbələ" ilk məğlubiyyətini ötən turda alıb. Mirça Rednikin başçılıq etdiyi heyət bu mövsüm üç ev oyunu keçirib və bunların hamısında qalib gəlib. Bu görüşlərdə "Xəzər Lənkəran" altı qol vurub, qapısında isə iki qol görüb.

"Qəbələ" isə keçirdiyi üç səfər oyunundan altı xal qazanıb – iki qələbə, bir məğlubiyyət. Bu oyunlarda Toni Adamsın komandası üç qol vurub və bir o qədər də buraxıb. Hər iki komanda bu tura qədər "Turan", "Qarabağ" və "Sumqayıt Şəhəri" məğlub edib.

"Xəzər Lənkəran" hazırda çempionatın ən az qol buraxan iki komandasından biri olmaqla yanaşı, (3 qol) ən yaxşı qol nisbətinə də malikdir – +8.

Tarix. Çempionatlar tarixində "Xəzər Lənkəran" altı dəfə "Qəbələ"ni öz meydanında qəbul edib. Bu oyunların beşində qalib gələn komand, bir dəfə meydanı xalsız tərk edib. Lənkəranda bu rəqiblə keçirilən görüşlərdə 13 dəfə fərqləndiyi halda, rəqib 4 dəfə fərqlənməyə nail olub.

Son dəfə "Xəzər Lənkəran" Mərkəzi Stadionunda bu komandalar ötən çempionatın ilk turunda qarşılaşıblar. Hər iki klubun baş məşqçinin debüt etdiyi bu matçda Elvin Beqirinin final fitinə az qalmış vurduğu qol cənub təmsilçisinə 1:0 hesablı qələbə gətirib.

Oyunçular. Ötən oyun qırmızı vərəqə alan və bir oyunluq cəzalanan Elnur Allahverdiyev, "Qəbələ"yə qarşı oyunda iştirak edə bilməyəcək. "Qarabağ"ın qapısına yol tapmaqla "Xəzər Lənkəran"ın tarixində 450-ci qolu vuran Pit qarşıdakı turda meydana çıxsa, bu, rumın futbolçunun komandanın heyətində 25-ci matçı olacaq.

Hakimlər. Görüşün baş hakimi Ramil Diniyev olacaq. Maraqlıdır ki, bu referi "Xəzər Lənkəran"ın ardıcıl ikinci ev oyununa təyinat alır. Yan xətt hakimləri İlham Əliyev və Vaqif Musayevdir. Ehtiyat referi – Əliyar Ağayev.

Oyunun yeri və vaxtı. Qarşılaşma 23 sentyabr tarixində, "Xəzər Lənkəran" Mərkəzi Stadionunda baş tutacaq. Oyunun başlama vaxtı saat 18:30-dur. Görüş "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə