Gimnastlarımız dünya çempionatında iştirak edirlər

Gimnastlarımız dünya çempionatında iştirak edirlər
Fransanın Monpelye şəhərində bədii gimnastika üzrə 31-ci dünya çempionatı start götürüb. Siasport.az saytı xəbər verir ki, yarışların ilk günündə gimnastların bir qismi halqa ilə, digərləri top ilə çıxış ediblər. Azərbaycan gimnastları Aliyə Qarayeva, Anna Qurbanova və Zeynəb Cavadlı yarışda halqa ilə mübarizə aparıblar. 28,175 bal qiymət alan A.Qarayeva səhər sessiyasında bu predmetlə xalça üzərinə çıxmış idmançılar arasında liderdir. 25,500 bal nəticə göstərmiş A.Qurbanova 7-ci, Z.Cavadlı isə (25,450) 8-ci yeri tutur.
Dünya çempionatının cədvəlinə uyğun olaraq sentyabrın 20-də A.Qarayeva, A.Qurbanova və Z.Cavadlı top ilə çıxış edəcək, sonra isə top və halqa hərəkətlərin final mərhələsi olacaq.
Xatırladaq ki, çoxnövçülüyün finalında şəxsi yarışlarda 2012-ci il Olimpiadasına 15 vəsiqə oynanılacaq. Hər ölkə ən çoxu iki lisenziya qazana bilər. Yarışların son iki günündə keçiriləcək qrup turnirində isə Londona 6 vəsiqə uğrunda mübarizə gedəcək. Burada Azərbaycanı Anastasiya Prasolova, Ceyla Quliyeva, Aelita Xələfova, Stefani Trayanova, Səbinə Abbasova və Yevgeniya Jidkova təmsil edəcək.
Dünya çempionatı vasitəsilə Olimpiadaya vəsiqə ala bilməyən idmançılar gələn ilin yanvar ayında Londonda keçiriləcək seçim turnirində iştirak edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə