Dünya çempionatında üçüncü gün: Mariya gümüş, Patimat bürünc qazandı-FOTOSESSİYA
Türkiyənin İstanbul şəhərində güləş üzrə dünya çempionatı davam edir. Siasport.az saytı xəbər verir ki, çempionatın üçüncü günündə daha 3 güləşçimiz medal və London olimpiadasına lisenziya qazanmağa çalışıb. 48 kq-da yarışan qadın güləşçilərimizdən Mariya Stadnik ilk görüşündə Argentina idmançısı Patrisiya Bermudesə qalib gəlməyi bacarıb - 2:0, 6:0. Onun növbəti rəqibi Qazaxıstan güləşçisi Zıldız Yeşimova-Turtbayeva da məğlubiyyətlə barışmalı olub 3:0, 2:0. Nəticədə, idmançımız 1/8 finala adlayıb. Burdakı rəqibi Eseniya Karip (Venesuela) də ona ciddi müqavimət göstərə bilməyib - 5:0, 7:0. 1/4 finalda Stadnik ABŞ güləşçisi Klarissa Çun üzərində qələbə qazanmalıydı ki, bunu bacarıb - 3:1, 2:0. Bu isə, Stadnikə London olimpidasına lisenziya qazandırıb. O, yarımfinalda kolumbiyalı Karolina İdalqoya da şans verməyib və finala çıxıb - 6:0, 4:0. Həlledici görüşdə idmançımız yaponiyalı Hitomi İbara ilə qarşılaşıb. Görüş yaponiyalı güləşçinin qələbəsi ilə bitib - 3:2, 0:1, 0:1. Beləcə, Stadnik gümüş medala sahib çıxıb.
Rafiq Hüseynov (74 кг) startda Azizbek Murodovla (Özbəkistan) qarşılaşıb və onu məğlub edib. Növbəti rəqib qırğızıstanlı Daniyar Kobonova da qalib gələn (1:0, 0:2, 2:0) idmançımız adını 1/4 finala yazdırıb. Bu mərhələdəki rəqib xorvatiyalı Neven Zuqajdı. Bu rəqibini keçəcəyi halda, Hüseynov da London olimpiadasına lisenziya qazanmış olacaqdı. Amma təəssüf ki, idmançımız məğlubiyyətlə üzləşib - 0:1, 0:2. Buna baxmayaraq, idmançımızın lisenziya şansı qalırdı. Bunun üçün ilk növbədə Zuqajın finala çıxması lazım idi. Ancaq o, növbəti mərhələdə rusiyalı güləşçiyə məğlub olub.
Patimat Baqomedova isə (51 кq) startda Monqolustan güləşçisi Otqosetseq Daavasukla görüşüb və məğlubiyyətlə üzləşib - 0:2, 1:1, 0:3. Lakin onun rəqibi finala çıxmaqla Patimat üçün əla şans yaradıb. Belə ki, məhz bunun nəticəsində idmançımız bürünc medal qazana bilərdi. Bu yolda o, öncə Aleksandra Engelhartla qarşılaşıb və qələbə qazanıb - 5:0. Eyni uğuru Hindistan güləşçisi Rati Neha üzərində də təkrarlayan Baqomedova ölkəmizə daha bir mükafat - bürünc medal qazandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB