Üzu boyalı top vuran xanımlar-KÖŞƏ YAZISI

Üzu boyalı top vuran xanımlar-KÖŞƏ YAZISI

Universitetdə oxuyarkən xarici vətəndaşlarla ünsiyyətim çox olduğundan onların bizimlə özlərini müqayisə etməsi mənə həmişə maraqlı idi. Hər zaman xarici vətəndaşlarla danışanda ilk növbədə bizimlə onlar arasında nə fərq olduğunu soruşurdum. Çünki onların kişiləri azərbaycanlı qızlarla, qadınları isə azərbaycanlı kişilərlə ailə qurmağa can atırdılar. Çoxu da Almaniya və Avstriya vətəndaşları idilər. Bu xarici vətəndaşların demək olar ki, hamısı azərbaycanlıları öz vətəndaşlarından üstün tuturdular.

Hər iki cinsin nümayəndələri bizim vətəndaşları hər şeydə üstün tutsalar da həmişə zarafatla bəzi azərbaycanlı qızların kosmetik vasitələrdən və bəzək əşyalarından düzgün istifadə etmədiyini deyirdilər. Açığı bu kiçik bir şey olsa da mən həmişə bu mövzuda onlarla mübahisə edirdim. Onlar iddia edirdilər ki, Azərbaycan xanımları adi iş rejimində toya gedirlərmiş kimi kosmetik vasitələr, bəzək-düzək əşyaları istifadə edirlər, gecə geyimləri geyinirlər. Mən isə bunun əksini sübut etməyə çalışırdım.

Bir neçə gün öncə isə gördüklərim həqiqətən də məni çox güldürdü. Xətai rayonunda yerləşən rus kilsəsinin yanındakı meydançada voleybol üzrə qadınlar arasında turnir keçirilirdi. Turnirdə müxtəlif ölkələrin qadın komandaları iştirak edirdilər. Gördüklərim həqiqətən də gülməli idi. Nepal, Çin, Yaponiya, Amerika, Rusiya və s. kimi ölkələrin komandaları ilə Azərbaycan komandasındakı fərq özünü dərhal bildirirdi.

Xanım voleybolçularımız oyuna ifrat dərəcədə boyalı gəlməklə yanaşı, bir neçəsi qulağına uzun halqalar şəklində sırğa taxaraq, saçlarını qəribə bir variantda yığıb çıxmışdılar. Sanki oyundan dərhal sonra toya gedəcəkdilər. Çox gülməli görünürdülər. Meydanda onların qələbə üçün mübarizə apardıqları deyil, sanki "podyum"a model kimi gəzmək üçün çıxdıqları düşünülürdü. Təbii ki, məğlub oldular. Yəqin bu xanımlarımız hər zaman, bütün şəraitdə baxımlı olduqlarını bildirmək istəyirdilər...

Elgün Vidadioğlu

Siasport.az

Bütün xəbərlər Facebook səhifəmizdə