Elçin Cəfərov: "Onun ipi ilə heç kim quyuya enməz"-MÜSAHİBƏ

Elçin Cəfərov: "Onun ipi ilə heç kim quyuya enməz"-MÜSAHİBƏ
Siasport.az saytı Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovun müsahibəsini təqdim edir:

- Elçin Cəfərov Dünya çempionatında Azərbaycana rəqib hansı ölkəni görür?
- Dünyanın hardasa 20-ya yaxın ölkəsi iştirak edəcək. Bizim üçün hamısı rəqibdir. Güləşçilər bu yarışa ölüm-dirim mübarizəsi kimi baxır.

- Yunan-Roma güləşi üzrə yuxarı çəkilərdə problemlərimiz var...
- Bir balaca problemlər var. Elə də böyük problem saymaq olmaz. Yarışa qədər bu problemi aradan qaldıracağıq. Güləşçilərimiz özləri də bu məsuliyyəti hiss edirlər ki, bu məsələni həll etmək lazımdır. İdmançı ancaq yarış vaxtı mübarizə aparmır, yarışdan kənarda da çəkisiylə, psixoloji durumuyla mübarizə aparıb qaydasına salır. Hazırda yığma komandamızda əhval-ruhiyyə yüksək səviyyədədir. Ən yaxşılar Dünya Çmpionatında ölkəmizin şərəfini qoruyacaq. İnanıram ki, Yunan-Roma güləşi üzrə yığma komandamız 4-5 lisenziya qazanacaq. Əvvəlcədən proqnoz verməyi xoşlamıram, hər şey idmançılarımızın öz əlindədir. Yüksək-təlim məşq toplanışları keçiblər. Onlar üçün hər bir şərait yaradılıb. İndi güləşçilərimizin özlərini sübut etmək qalıb.

- Mən Qubadakı təlim-məşq toplanışında iştirak edərkən komandada Dünya Çempionatına getmək üçün güclü rəqabət olduğunu müşahidə etdim. Lakin DÇ-yə gedəcək heyət açıqlananda göründü ki, heyətdə elə də sürpriz adlar yoxdu, məlum heyətdi...
- Bilirsiniz, komandanın liderləri təlim-məşq toplanışları zamanı meydana gəlir. Bu da ki, təxminən 2-3 aya müəyyənləşir. Heyəti müəyyənləşdirmək 10-15 günün işi deyil. Əgər hansısa güləşçinin yarışda iştirak etməsini nəzərdə tutmusansa, onu bir neçə ay əvvəlcədən hazırlayırsan. Bu böyük bir idman marafonudu, kim liderliyini qoruyub saxlaya bilirsə, o da iştirak etmək üçün şans qazanır. Əgər bir güləşçi müvəqqəti liderdisə, necə deyərlər onun ipi ilə heç kim quyuya enməz. Lider olmaq üçün bütün göstərcilərə layiq olmalısan.

- Fərid Mansurovun da baş məşqçi təyin olunması da komandada lider olmasıyla bağlıdı?
- Yox, Fərid Mansurov Olimpiya, dünya çempionudur, beynəlxalq yarışlarda yüksək nəticələr göstərib. Ona görə də federasiya rəhbəri onu baş məşqçi təyin etdi. Fərid də öz təcrübəsindən istifadə edərək güləşçilərə köməkçi olur. Hələlik o, bu işin öhdəsindən yaxşı gəlir.
Həm də ki, bu posta Fəriddən başqa namizəd də yox idi.

- Məndə olan məlumatlara görə, baş məşqçi postu uğrunda güclü rəqabət var idi. Hazırda da bu rəqabət davam edir...
- Ola bilər ki, hazırda da rəqabət olsun. Amma yığma komandaya rəhbərlik etmək üçün həmin şəxsin proqramı olmalıdı, təcrübəsi olmalıdı. İstəməyə hamı istəyə bilər. Bu posta bacarmayana kimdi ki verən? Əgər bir adam aylardı bir proqram tuta bilmıyibsə, özünü heç nədə göstərə bilməyibsə, işləməyibsə, ancaq keçmiş xəyallarla yaşayırsa, kimdi onu yığma komandaya baş məşqçi təyin edən? Həmin şəxs bütün tələblərə cavab verməlidi. Yoxsa, mən də çox şey istəyə bilərəm...

- Belə başa düşdüm ki, namizədlərin içində bu post üçün ideal şəxs Fərid Mansurov idi. Fəridin baş məşqçi kimi fəaliyyət göstərdiyi müddətdə ona heç iradlarınız olur? Fəaliyyətindən razısınız?
- Fərid çox məsuliyyətli işə təyin olunub. Biz də öz təcrübələrimizdən istifdə edərək çalışırıq ki, ona kömək edək. Yığma komandada hər bir şeyi Fəridin boynuna atıb, ancaq onu yükləmək də düzgün olmaz axı. Yığma komandada hamımız məsuliyyət daşıyırıq. Amma yığma komandanın heyətinin müəyyənləşdirmək, çalışdırmaq hamısı Fəridin işidir.

- Dünya çempionatında iştirak edəcək heyət müəyyənləşdi. Heyətə düşən güləşçilərdən daha çox hansıların yüksək nəticə verəcəyinə ümüd edirsiniz?
- Ağır çəkidən başqa bütün idmaçılarımız fikrimcə, medal qazanmağa qadirdilər. Mənim üçün hamısı yüksək səviyyədə hazırlıq keçiblər. Amma ola bilər ki, görüş zamanı bir səviyyəsiz hakim düşdü. Bir xal da görüşün taleyini həll edə bilər.

- Beynəlxalq yarışlarda iştirak edən hakimlər Azərbaycan idmançılarının görüşlərini ədalətli idarə edrilərmi?
- Son zamanlar idmançılarımızın görüşlərini ədalətli hakimlər idarə edir. Güləşçilərimiz bütün uğurlarını halal zəhmətlərilə qazanırlar. Bizim güləşçiərə qarşı çox yüksək münasibət var.

- Güləş Federasiyasının geniş maddi-texniki bazası var. İdmançılar üçün federasiya tərəfindən yüksək şərait yaradılıb. Bu yaradılmış şəraitin qarşılığında güləşçilərimiz yüksək nəticə göstərməyə məcburdular...
- Bizim də çalışdığımız elə budu. Bizi də əsas nəticə maraqlandırır. Əgər biz DÇ-də yüksən nəticə göstərsək, o zaman deyərik ki, bizə göstərilən diqqət və qayğının bir qismini doğrultduq. Bu da hamısı güləşçilərimizdən asılıdır.

- Elçin müəllim, siz məşqçi işlədiyiniz dövrdə güləşçilər, digər məşqçilər hamısı sizin tələbkarlığınızdan danışırdı. Amma indiki gənc məşqçilərimizdə bu tələbkarlıq hiss olunmur...
- Bilirsiz, tələbkarlıq zamanla olası bir şeydi, bu, birdən-birə olmur. Yəni bu təcrübəylə gəlir. Həm də ki, hərənin öz metodikası var, məşqlərə öz yanaşma tərzi var. Yəqin ki, müasir məşqlər bunu tələb edir. Bəlkə də mənim dövrümdə tələblər fərqli idi... Mən məşq keçsəm də, keçməsəm də yığma komanda hardadısa, mən də ordayam. Qubadakı bütün məşqlərin demək olar ki, hamısında iştirak etmişəm. Burada da bütün günü zalda məşqləri izləyirəm.

- Yunan-Roma güləşi üzrə yeniyetmələr və kiçik yaşlılar üçün məşqlər Tofiq Bəhramov adına respublika stadionundakı zalda keçirilir. Stadionda müqavilə əsasında fəaliyyət göstərirsiniz?
- Tofiq Bəhramov adına respublika stadionun rəhbərliyi bizə hər bir şərait yaradıb. Akif İsmayılov özü də keçmiş idmançı olub. O, idman ictimaiyyətində böyük nüfuza malikdi. Akif müəllim stadiondakı zalda məşqlər keçməyimiz üçün bizə çox yüksək səviyyədə şərait yaradıb. Akif müəllim özü də məşqlərimizdə çox vaxt iştirak edir, məşqləri izləyir.

Mundial.az

Bütün xəbərlər Facebook səhifəmizdə