Qəbələ şəhərində inşa edilən Olimpiya İdman Kompleksində tamamlama işləri görülür

Qəbələ şəhərində inşa edilən Olimpiya İdman Kompleksində tamamlama işləri görülür
Gənclər və İdman Nazirliyinin sifarişi ilə Qəbələ şəhərində inşa edilən Olimpiya İdman Kompleksində tamamlama işləri görülür. Siasport.az saytı xəbər verir ki, inşasına 2007-ci ildə başlanılmış və 4,5 hektar ərazini əhatə edən bu şəhərcikdə 2000 yerlik süni örtüklü futbol meydançası, 25x12,5 ölçüdə üzgüçülük hovuzu, güləş, həndbol, voleybol, basketbol və mini futbol yarışlarının keçirilməsi üçün 1000 tamaşaçı tutumu olan böyük idman zalı, tennis kortu, ikimərtəbəli 3 kottec, 3 trenajor zalı, voleybol və basketbol zalları, yeməkxana var. Havalandırma sistemi ilə təchiz edilmiş kompleksin fərdi transformatoru quraşdırılıb və qazanxanası tikilib. İdman bazasında məşqçi və həkim kabinetləri, soyunub-geyinmə otaqları, duşxanalar və böyük konfrans zalı mövcuddur.
Müasir üslubda inşa edilən idman kompleksinin həyətində ağac və gül kolları əkilib, ot örtüyü salını. Hazırda kompleksin daxilində tamamlama, həyətyanı sahəsində təmizlik-abadlıq işləri görülür. İdman bazası yaxın vaxtlarda istifadəyə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə