Azərbaycan yığma komandası növbəti qələbəsini qazandı – 3:2

Azərbaycan yığma komandası növbəti qələbəsini qazandı – 3:2

Bu gün Tofiq Bəhramov adına respublika stadionunda Avropa-2012 seçmə yarışları çərçivəsində Azərbaycan yığma komandası futbol üzrə Qazaxıstan təmsilçilərini qəbul ediblər. SİA-nın verdiyi məlumata görə, oyun qarşılıqlı hücumlar şəraitində keçib. Azərbaycan futbolçuları Qazaxıstandakı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün var qüvvələrini ortaya qoyduqları zaman qonaqların hücumçusu S.Ostapenko qapıçımız Kamran Ağayevi cəzalandırıb - 1:0.

Bu qol oyunun 20-ci dəqiqəsində qeydə alınıb. Birinci hissənin qalan vaxtı ərzində milli komandamız nə qədər çalışsa da hesabı bərabərləşdirə bilməyib. Ümidlər ikinci hissəyə qalıb.

İkinci hissə gözlənildiyi kimi millilərimizin hücumları ilə başlayıb. Oyunun 53-cü dəqiqəsində Rauf Əliyev müdafiəçimiz Mahir Şükürovun cərimə meydançasına göndərdiyi asma topu başı ilə qazaxların qapısından keçirməklə azarkeşləri ümidləndirib.

Az keşməmiş məlum olub ki, millilərimizə bəslənilən ümidlər əbəs deyilmiş. Oyunun 62-ci dəqiqəsində Azərbaycam yığmasının oyunçusuna qarşı qonaqların etdiyi gobudluq hakimin diqqətindən yayınmayıb. Mahir Şükürov penaltini dəqiq yerinə yetirib 2:1.

Bu oyun kəskin hücumları ilə yadda qalan Vaqif Cavadov meydançanı qolsuz tərk etsəydi yəqin ki, insafsızlıq olardı. Ancaq bu baş vermədi. Daha doğrusu ikinci qoldan 6 dəqiqə keçməmiş Rusiyanın "Volqa" komandasının oyunçusu Vaqif Cavadov üçüncü topu Qazaxıstan yığmasının qapısından keçirməklə futbolçularımızı arxayınlaşdırdı.

Bəli, məhz arxayınlaşdırdı. Çünki qonaqlar məhz bundan sonra millimizin qapısana ikinci topu keçirməklə bizlərə həyacan bəxş etdi. Oyunun 78-ci dəqiqəsində qazax futbolçu V.Evstigneev qonaqların ikinci topunu vursa da, bundan artığına gücləri şatmadı. Beləliklə, oyunun yekun nəticəsi bəlli oldu - 3:2.


Bütün xəbərlər Facebook səhifəmizdə