Boks üzrə gənclər arasında Avropa birinciliyi davam edir

Boks üzrə gənclər arasında Avropa birinciliyi davam edir

İrlandiyanın paytaxtı Dublində boks üzrə gənclər arasında Avropa birinciliyi davam edir. Siasport.az saytı xəbər verir ki, yarışın ikinci günündə rinqə çıxan 4 boksçumuzdan ikisi növbəti mərhələyə vəsiqə qazanıb. 52 kq çəki dərəcəsində mübarizə apran Tural Əhmədovun qələbəsi daha əlamətdar olub. Həmyerlimiz Ermənistan təmsilçisi Artur Nersisyanı 16-11 hesabı ilə məğlub edib. Boksçumuz növbəti mərhələdə irlandiyalı Coe Fitzpatriklə üz-üzə gələcək.

Qeyd edək ki, Əhmədov bu il böyüklər arasında "Böyük İpək Yolu" yarışının qalibi olub, "Ən güclülərin seçmə yarışı"nda isə Elvin Məmişzadə cüzi üstünlüklə uduzaraq, 2-ci nəticə göstərib.

Qitə birinciliyində Coşgun Əliyev də (64 kq) ilk döyüşünü qələbə ilə tamamlayıb. Milli komandamızın üzvü finlandiyalı Anti Hietala üzərində 15:6 hesabı ilə qələbə qazanıb. O, növbəti döyüşünü Belarus nümayəndəsi Mikita Şabelnikə qarşı keçirəcək. Digər iki boksçumuz – Kamran Məlikov (49 kq) və Hacıbaba Hacıbabayev (91 kq) isə yarışla vidalaşmalı olublar. Məlikov yerli boksçu Evan Metkalfa 1 xal fərqlə uduzub – 11:12. Hacıbabayev isə moldovalı Viktor İalimova 9:12 hesabı ilə məğlub olub.

Xatırladaq ki, yarışın ilk günündə rinqə çıxan 4 boksçumuzdan ikisi qələbə qazanmışdı. Qitə birinciliyinə avqustun 27-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə