Macarıstanın
Seqed şəhərində keçirilmiş dünya çempionatında Azərbaycanın kanoe üzrə milli
komandası 2008-ci il London Yay Olimpiya Oyunlarına 2 lisenziya qazandı. Siasport.az
saytı xəbər verir ki, ilk lisenziyaya avqustun 20-də Sergey Bezuqlıy – Maksim
Prokopenko dueti sahib oldu. Onlar 1000 metr məsafəyə yürüşdə gümüş medalla bu
vəzifənin öhdəsindən gəldilər. Ardından Valentin Demyanenko 200 metr məsafəyə
yürüşdə dünya çempionu kimi London olimpiadasına vəsiqəyə yiyələndi. Millimiz
isə dünya çempionatını 1 qızıl, 3 gümüş medalla başa vurdu
Ölkə
tarixində kanoe üzrə ilk olimpiya lisenziyasının sahiblərindən biri – Maksim
Prokopenko Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına
müsahibəsində keçirdiyi hisslərdən danışıb, London olimpiadasına hazırlıq
barədə fikirlərini bildirib:
- Dünya çempionatında Sergey Bezuqlıy ilə
duet şəklində 2 gümüş medal və 2012-ci il London Yay Olimpiya Oyunlarına
lisenziya qazandınız. Hansı hissləri keçirirsiniz?
-
Yalnız xoş hisslər keçirirəm. Dünya çempionatı bizim üçün uğurlu alındı.
Çempionata hazırlığımız çətin keçmişdi. Bilirdik ki, qarşımızda böyük hədəf durur.
Lisenziya qazanmaq federasiya, dövlət üçün böyük önəm kəsb edirdi. Buna görə də
həyəcan keçirirdik. İstəyimizə nail olduq, lisenziya qazandıq. Bundan əlavə,
çıxış etdiyimiz həm 500 metr, həm də 1000 metr məsafələrdə 2 gümüş medal
qazanmağımız da bizi çox sevindirir. Hesab edirəm ki, tapşırıq maksimum yerinə
yetirilib.
- İki il öncə Kanadanın Dartmut şəhərində
iştirak etdiyiniz dünya çempionatında 1 gümüş, 1 bürünc medal qazanmışdınız.
İndi isə 2 gümüş medala sahib oldunuz. Bundan daha artığını əldə etmək
istəmirdiniz?
- 2
il əvvəl 500 metr də olimpiya məsafəsi sayılırdı. Ona görə də həm 500 metr, həm
də 1000 metr məsafələrə yürüşlərə ölkələr ən güclü heyətlə qatılırdılar. İndi
isə 500 metrlik yürüşdə heç də ən güclülər iştirak etmirlər. Çünki onlar əsas
diqqəti 1000 metrlik məsafəyə yönəldirlər. Biz öz çıxışımızdan razıyıq. Çünki
dünya çempionatına bütün dünya hazırlaşır, amma medalları 3 ölkə qazanır.
Fikrimcə, normal çıxış etdik.
- Son yarışlarda yüksək yerlər uğrunda daha
çox rumıniyalı Viktor Mixalaki – Alexandru Dumitresku dueti ilə rəqabət
aparırsınız. Onları ötmək heç də hər zaman sizə qismət olmur. Bu, nə ilə
əlaqədardır?
-
Ötən ilki mövsüm boyu onları, demək olar ki, məğlub etdik. Bu il isə Avropa
çempionatında pik nöqtəyə çatmağımıza gərək yox idi. Əsas yarış dünya
çempionatı idi. Burada da olimpiya məsafəsində biz ikinci, rumıniyalı duet
üçüncü oldu. Ona görə də Mixalaki – Dumitresku duetinin bizdən üstün olduğunu
demək olmaz.
- Avropa çempionu olsanız da, dünya
çempionluğu sizə qismət olmayıb...
-
İstənilən idmançı dünya çempionluğuna can atır. Hələ ki gümüş mükafatçıyam.
Dünya çempionu olduqdan sonra keçirəcəyim hissləri anlatacağam.
- 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında
500 metrlik məsafəyə yürüşdə iştirak edərək, 8-ci yeri tutmuşdunuz. 2012-ci il
London olimpiadasında 1000 metrlik yürüşdə mükafatçılar sırasına düşəcəyinizə
söz verirsiniz?
- Bir
ildən sonra nə olacağını indidən demək olmaz. İkinci yerin sahibi kimi
lisenziya qazanmaq hələ heç nə demək deyil. Bizim kimi, daha 6 duet London
olimpiadasına vəsiqə qazanıb. Belaruslu Andrey və Aleksandr Baqdanoviç
qardaşları Pekin olimpiadasına lisenziyanı elə yarış öncəsi Avropa təsnifat
turnirində qazanmışdılar. Amma olimpiya çempionu oldular. Olimpiada budur. Nə
demək olar? Qoy başlasın, biz də nəyə qadir olduğumuzu göstərək. Hamı kimi biz
də hazırlaşacağıq. Ötənilki dünya çempionatında 1000 metrlik yürüşdə 5-ci
olmuşduqsa, bu il 2-ci yeri tutduq. Bəlkə gələn il yenə 5-ci oluruq?
- London olimpiadasına hazırlığınız necə
olacaq?
-
Hələ hazırlıq planı tərtib olunmayıb. Fikrimcə, payızda bu məsələyə aydınlıq
gələcək. Baş məşqçimiz Aleksandr Kolıbelnikov indidən də gələn il üçün hazırlıq
planı təqdim edə bilər. Amma düşünmürəm ki, bu il olduğu kimi, planda
dəyişiklik baş versin. Ötən il yüksək dağlıq şəraitdə hazırlıq keçmişdik. Bu il
isə planı dəyişdik. Çünki dağlıq şəraitdəki hazırlıqla dünya çempionatında elə
də yüksək nəticə göstərə bilməmişdik. Ona görə də bu il düzənlik şəraitdə
qalmağa qərar verdik. Gələn ilin hazırlıqları barədə isə bir söz deyə bilmərəm.