Dünya çempionatında ilk medal!
Macarıstanın Seqed şəhərində keçirilən 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli kayak və kanoe üzrə dünya çempionatında Azərbaycanın milli komandası ilk medalını əldə edib. Siasport.az saytı xəbər verir ki, 500 metr məsafəyə yürüşdə Sergey Bezuqlıy – Maksim Prokopenko dueti gümüş medal qazanıb. Azərbaycanlı cütlük 2 nəfərlik qayıqla əsas final yürüşündə finişə 1 dəqiqə 46,178 saniyəyə çatıb. Alexandru Dumitresku – Viktor Mixalaki (Rumıniya) 1 dəqiqə 45,524 saniyə nəticə ilə dünya çempionu olub. Peter Kretşmer – Kurt Kuşela (Almaniya) dueti isə 1 dəqiqə 46,802 saniyə göstərici ilə bürünc medala sahib çıxıb.

Lakin bu, hələ son deyil. Sergey Bezuqlıy – Maksim Prokopenko dueti olimpiya məsafəsi sayılan 1000 m-lik yürüşdə də finala yüksəlib. Eyni zamanda Valentin Demyanenko 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə həlledici mərhələdə iştirak hüququna yiyələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə