Akif İsmayılov: \"Mərkəzi arenanın ot örtüyünün altında istilik sistemi quraşdırılacaq\" - MÜSAHİBƏ-FOTOSESSİYA

Akif İsmayılov: \"Mərkəzi arenanın ot örtüyünün altında istilik sistemi quraşdırılacaq\" - MÜSAHİBƏ-FOTOSESSİYA

- Akif müəllim, Tofiq Bəhramov adına Respublika stadionunda təmir işlərinə nə zaman tam start veriləcək?


- Stadionda təmir işləri yavaş-yavaş başlayır. Ancaq təmir- tikinti işlərinə əsas start Belçika və Qazaxıstanla oyunlardan sonra veriləcək. Stadionun tam bağlanmağına gəlincə isə, hələ ki, arenanın içərisinə toxunulmayıb. Ola bilər ki, oktyabr-noyabr aylarında fəaliyyət tam dayandırılsın. Onu da qeyd edim ki, stadionda təmir- tikinti işləri martın 1-nə qədər başa çatdırılmalıdır. Hansısa problemlər çıxarsa (hava şıraiti və s.) 1-2 ay gecikə bilər.


- Hazırda hansı işlər aparılır?


- Hazırda stadionda qazıntı işləri aparılır. Bu qazıntılar azarkeşlər oturan tribunaların üzərinin bağlanması ilə əlaqədardır. Bunu üçün xaricdən xüsusi avadanlıqlar gətirlir. İndi betonlama və bərkitmə işləri görülür. Təmir işlərini Koreya mütəxəssisləri həyata keçirir. Hələ ki, işlər stadionun ətrafında aparılır. Tikintiyə mane olan ağaclar çıxarılır və başqa yerlər əkilir. Bəzi qoca ağaclar isə yeri dəyişəndə bitmədiyinə görə yenidən əkilmirlər. Bu işlər Yaşıllaşdırma idarəsi ilə məsləhətləşdirilib həyata keçirilir.

Stadionda ayaqyolları, soyunub-geyinmə otaqları, pilləkənlər, jurnalistlər üçün mətbuat mərkəzi və digər obyektlər dəyişdiriləcək, uşaqlar üçün olan meydança yenidən qurulacaq və üzəri bağlanacaq.


- Təmir işləri oturacaq yerlərinə təsir edəcək?


- Bəli, VİP tribunalar tikilərkən 800-1000 nəfərlik yer itirilə bilər. Hazırda standionda 29870 oturacaq var ki, təmir işlərindən sonra bu yerlərin sayı 29000-ə düşə bilər.


- Oturacaqların dəyişdirilməsi nəzərdə tutulub?


- Bəli, oturacaqların dəyişdirilməsi nəzərdə tutulub. Bir neçə ölkədən oturacaqlar gətiriləcək və biz - bir neçə komissiya üzvləri, gənclər və idman naziri Azad Rəhimov birlikdə hansı oturacaqlardan istifadə oluncaqlarına qərar verəcəyik.


- Yeni oturacaqların qorunması üçün hansı tədbirlər görüləcək?


- Təmirdən sonra oturacaqların qorunması üçün yeni bir sistemə keçəcəyik. Bizim xüsusi təhlükəsizlik xidmətinin işçiləri olacaq. Onlar bütün bu yeni avadanlıqlara nəzarət edəcəklər. Arenanın yeni olduğunu gördükdə məncə, azarkeşlər də özlərini başqa cür aparcaqlar. Əgər görsək ki, qarşısını almaq mümkün deyil, klublarla söhbət edərək Avropa təcrübəsinə keçəcəyik. Klublarla müqavilə bağlanacaq və böyük cərimələr tətbiq olunacaq.



- Stadionun ərazisində olan ticarət obyektləri yenidən qurulacaq?


- Stadionun ərazisində olan ticarət obyektləri yeni dizayna uyğun olmasalar müqavilələr ləğv olunacaq. Ancaq onlar yeni modelə uyğun inşa edilsələr fəaliyyətləri davam edəcək. Ərazidə olan türk futbol məktəbi ilə müqavilə ləğv olunacaq. Obyektlərin heç birinə köçmələri barədə xəbərdarlıq edilməyib. Əgər qaydalara uyğun fəaliyyət göstərə biləcəklərsə, işlərini davam etdirəcəklər.


- Mərkəzi arenada nə qədər işçi heyəti var və təmir işləri zamanı onlar işlərində qalacaqlar?


- Mərkəzi arenada 80 nəfərlik işçi heyəti var. Məlum məsələdir ki, təmir işləri gedə-gedə bu heyəti maliyyələşdirmək çətin məsələdir. Təmir işləri ilə əlaqədar olaraq, kommunal xərcləri və digər məsələləri də nəzər alsaq bunu daha aydın şəkildə görmək mümkündür. Biz Koreya şirkəti ilə danışıqlar aparmışıq, işçilərimizin 30-40 nəfəri təmir-tikinti işlərində çalışacaqlar və Koreya şirkəti tərəfindən maliyyələşdiriləcəklər. 15 nəfər öz işində saxlanılacaq, qalan 30 nəfərə yaxın işçi isə öz hesablarına məzuniyyətə göndəriləcəklər.


-"Neftçi"nin "Dalğa Arena"ya keçməsi barədə xəbərlər yayımlanmışdı...


-Açığını deyim ki, "Neftçi"nin "Dalğa Arena"ya köçməsi barədə xəbərləri mənə deyiləndən sonra bəzi media orqanlarında oxudum. Bu məlumatdan 20-30 dəqiqə sonra "Neftçi" rəhbərliyi mənimlə əlaqə saxladı və bildirdilər ki, bu informasiya onlardan verilməyib. Həmin məlumatdan bir gün qabaq sözügedən klub müraciət edərək oyununu mərkəzi arenada keçirmək istədiyini bildirmişdi. Əgər hansısa kluba təmir gedə-gedə oyunlarını burada keçirmək münasib deyilsə, əlbəttə ki, bizim həmin klubdan inciməyə ixtiyarımız yoxdur. Əgər belə bir şey olarsa, biz bu qərara hörmətlə yanaşarıq.



- Akif müəllim, stadionda hazırda olmayan nə isə inşa olunacaq?


- VİP tribunalarımız artırılacaq. Bu tribunalar xüsusi olaraq quraşdırılacaq və hər biri 10 nəfər tutan 10 salondan ibarət olacaq. Həmin salonlarda kondinsionerlər, yemək üçün, əl-üz yumaq üçün yerlər düzəldiləcək. İndi olan VİP də dəyişdiriləcək, üzəri başqa cür örtüləcək və daha yaxşı oturacaqlar qoyulacaq.


- Ot örtüyü dəyişdiriləcək?


- Stadionun ot örtüyü mütləq dəyişdiriləcək. Təklif hələ ki, müzakirə olunur. Məncə qəbul olunacaq. Ot örtüyünün altında istilik sistemi quraşdırılacaq. Soyuq havalarda otların korlanmaması üçün bu istilik sistemləri mühüm rol oynauacaq. Səpilən toxumlar da soyuq havalarda da yetişəcəklər (12-15-18 dərəcə).


\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə