Aleksandr Kolıbelnikov: “Bizim hədəfimiz lisenziya yox, medaldır”-AÇIQLAMA
"Dünya çempionatında bizim əsas hədəfimiz lisenziya yox, medal qazanmaqdır". Siasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına açıqlamasında kayak və kanoe üzrə Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Kolıbelnikov deyib.
Macarıstanın Seqed şəhərində davam edən 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında avqustun 18-də kanoeçilərimizdən Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə seçmə mərhələdə 2-ci yeri tutub. Bu nəticə ilə azərbaycanlı cütlük avqustun 19-da keçiriləcək əsas finala vəsiqə qazanıb. Adnan Əliyev isə 1 nəfərlik qayıqla yarımfinal yürüşündə 3-cü yeri tutub. Onun əsas finala çıxmasına cəmi 0,960 saniyəsi çatmayıb. Bununla da Əliyev London olimpiadasına lisenziya verən ilk 7-liyə düşmə şanslarını itirib. İndi kanoeçimiz gələn ilin mayında keçiriləcək Avropa təsnifat turnirində sahibini tapacaq cəmi 1 lisenziyaya ümid edə bilər. Kolıbelnikovun fikrincə, bu, o qədər də inandırıcı görünmür: "1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə ən güclü kanoeçi almaniyalı Sebastyan Brendel sayılır. Amma o, seçmə yürüşdə avarını sındırdığı üçün mübarizədən kənarda qaldı. Təbii ki, Brendel gələn il baş tutacaq Avropa təsnifat turnirinin əsas favoriti olacaq. Bu səbəbdən, cəmi 1 lisenziyanı əldə etmək Adnan Əliyev üçün çətin olacaq".
Əliyevin finala yüksəlmək üçün cəmi 0,960 saniyəsinin çatmamasına təəssüflənən baş məşqçi yarımfinal yürüşündə kanoeçimizin səhvə yol verdiyini də vurğulayıb. Onun sözlərinə görə, idmançımızın təkanlardan 2-sini düzgün yerinə yetirməməsi yekun nəticəyə də təsirsiz ötüşməyib. Bununla belə, Kolıbelnikov Adnan Əliyevin 1000 metr məsafəyə yürüşdə yoxlama yürüşlərində göstərdiyi 4 dəqiqədən az – 3 dəqiqə 55,997 saniyə nəticə göstərməsini gözlənilməz qarşılayıb. O, istənilən halda Əliyevin dünyanın ən güclü 15 kanoeçisi arasında olduğunu da vurğulayıb.
Dünya
çempionatında 5 kanoeçi və 3 kayakçımız çıxış etsə də, olimpiadaya lisenziya
uğrunda 6 yürüş xüsusi əhəmiyyət kəsb edirdi. Adnan Əliyevin şanslarını
itirməsindən sonra cəmi 5 lisenziyaya ümid etmək olar. Kanoeçilərimizdən
Valentin Demyanenko 1 nəfərlik qayıqla 200 metr, Sergey Bezuqlıy – Maksim
Prokopenko dueti isə 1000 metr məsafəyə yürüşdə ilk "7-liy"ə, kayakçılarımızdan
Natalya Fiklisova 1 nəfərlik qayıqla 200 metr və 500 metr məsafələrə yürüşdə
ilk "8-liy"ə, Mirnazim Cavadov – Tamerlan Mustafayev dueti isə 2 nəfərlik
qayıqla 200 metr məsafəyə yürüşdə ilk "6-lığ"a düşməyi bacarmalıdır.
Kolıbelnikov hesab edir ki, Demyanenko və Bezuqlıy – Prokopenko duetinin
lisenziya qazanmaları realdır. Onlar təkcə lisenziyaya yox, medallara can
atmalıdır. Baş məşqçi digər təmsilçilərimizin lisenziya üçün əzmlə
yarışacaqlarına ümid etdiyini diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB