Aleksandr Starkov: "Futbolçu insandır, o, səhvə yol verə bilər"

Aleksandr Starkov: "Futbolçu insandır, o, səhvə yol verə bilər"

"Bakı" klubunun baş məşqçisi Aleksandr Starkov "Bakı"nın XX Azərbaycan çempionatındakı startı və qarşıdan gələn "İnter"lə qarşılaşmasına hazırlıqların gedişi barədə sualları cavablandırıb. Siasport.az saytı təcrübəli mütəxəssisin fikirlərini nəzərinizə çatdırır:


"Qəbələdə keçirdiyimiz ilk qarşılaşmada oyunumuz pis alınmadı. Nəticə də qənaətbəxşdir. Çünki səfərdə kifayət qədər güclü rəqibə qarşı oynayırdıq. Oyunçularımız özlərini mübariz tərəfdən göstərdilər.


İkinci oyunumuza gəlincə, qol vura bilmədik. Hücum xəttimizdə yer alan futbolçular yaxşı oyunçulardır. Görünür, onlar öz aralarında tam əlaqə yarada bilməyiblər. Eyni zamanda da orta sahədə oynayan futbolçularla tam dil tapa bilməyiblər. İki futbolçumuzun zədələnməsi özünü göstərdi. Elvin Məmmədov və Fabio Luis Ramimin yoxluğu hiss olundu.


Hücumlarımızın kəsəri az idi. Verpakovdki bir epizodda qol vursa da, bu qeydə alınmadı. Ancaq sonradan gördük ki, qol qaydalar çərçivəsində vurulmuşdu və ədalətsiz olaraq ləğv olundu. Digər tərəfdən 11 metrlik cərimə zərbəsindən yararlana bilmədik. Şansımız yarandı, ancaq bu qələbə üçün yetərli olmadı. Futbolçular səy göstərirdilər, bununla bərabər çatışmayan cəhətlər də var idi.


Obyektivlik naminə deyim ki, ilk oyunlar milli komandadan qayıdan futbolçular üçün xüsusən ağır keçir. Milli komandalara futbolçu verən klublar üçün bu amil çətinlik yaradır. Bizim də bəxtimizə ikinci oyun düşdü.


İkinci hissəni müəyyən anlarında pis oynamadıq. Üstünlük bizim tərəfimizdə idi. Tempi artırmaq tələb olunan anda çətinlik yaranırdı. Biz təzyiq göstərib, "Simurq"un səhvlərə yol verəcəyini gözləyirdik. Belə imkanlar da yaranırdı. Qonaq futbolçular tempi aşağı salmaq üçün əllərindən gələni edirdilər. Bəzi hallarda yerdən qalxmaq istəmirdilər. Bunu da başa düşmək olar, bu taktiki gedişlərdir. Onlar tempi ustalıqla salırdılar. Bəzi epizodlarda temp sıfıra bərabər olurdu. Biz belə hallara hazır olmayıq.


Əhval ruhiyyə, təbii ki, yerində deyil. Bu gün əsas məsələ komandanın üzvləri, məşqçilər, klub rəhbərlərinin birliyidir. Belə çətin anlarda həmrəyliyimizi ifadə etməliyik. Bunun nəticəsində uğurlar gələcək.


Komandamızda yeni oyunçular var. Onların hər biri dəyişik hisslərə malikdirlər. Qələbə və məğlubiyyəti fərqli şəkildə yaşayırlar.


Standard vəziyyətlərin icrası, təbii ki, hazırlıq dövründə, məşqlərdə xüsusi yer alır. Əgər oyunda cərimə zərbəsi və ya penalti vurulursa, bunun icraçıları əvvəldən təyin olunur. Bizim komandada 11 metrlik cərimə zərbələrini ən yaxşı vuran 2-3 futbolçu var ki, "Simurq"la oyunda onlardan yalnız biri meydanda idi. Bu səbəbdən də zərbəni İvanov vurdu. Bu mənim təlimatıma əsasən baş verib. İvanov uğurlu olmadı, futbolda belə şeylər olur. Mənim üçün maraqlısı komandanın münasibəti idi. Olduqca vacib olanı futbolçuların bunu anlamaları və komanda yoldaşlarına dəstək vermələridir. Futbolçu insandır, o, səhvə yol verə bilər.


Bu barədə ötən il də çox yazırdılar, indi də deyilir. Klubların büdcələri fərqli olsa da, oyun hazırlıq səviyyəsi eyni dərəcədə ciddi aparılır. Bəzən görürsünüz ki, gənclər komandası belə "diş göstərir". Zəif rəqib yoxdur. Bu açıq-aydın görünür.


"İnter" güclü və təcrübəli komandadır. Biz bu oyuna böyük önəm veririk. Hazırlığımızı ən yüksək səviyyədə aparırıq. Rəqibi öyrənirik, "İnter" barədə kifayət qədər məlumatımız var. Onların oyunçularını tanıyırıq və bu işləri davam etdiririk.


Ümid edirəm ki, heyəti daha da gücləndirəcəyik. Yeni futbolçuların gəlişi gözlənilir. Bu barədə fikir mübadiləsi aparılıb və qərar verilib. Yeni futbolçularımızın faydalı olacağına inannıram. Futbolçu qələbədən sonra eyforiyaya düşməməlidir, yaxud da uğursuzluqdan ağlayıb-sızlamamalıdır. Futbolçular və məşqçilər öz məsuliyyətlırini dərk etməlidirlər. Biz böyük hədəfləri olan iddialı bir klubun nümayəndələriyik. Bunu hamı dərk etməlidir.


Biz mətbuata açıq komandayıq. Bütün məşqlərimiz açıq keçirilir. Komandanı izləmək istəyində olan mətbuat nümayəndələri məşqlərimizdə iştirak edə bilərlər. Bu bizim işimizin bir parçasıdır. İcitmaiyyəti məlumatlandırmaq, mətbuatı maraqlandıran sualları cavablandırmaq, azarkeşlər qarşısında hesabat vermək bizim peşəkar faəliyyətimizin bir hissəsidir. Komandamız mətbuata və azarkeşlərlə təmaslara açıqdır.


"İnter"lə oyun əvvəli azarkeşlərimizə üz tuturam: komandamızın sizin dəstəyinizə ehtiyacı var. "İnter"lə oyunda bizimlə olun, əlimizdən gələni edəcəyik ki, sizi sevindirək".


Bütün xəbərlər Facebook səhifəmizdə