Şef de Missionlar Londonda bir araya gəldi

Şef de Missionlar Londonda bir araya gəldi

Böyük Britaniyanın London şəhərində 2012-ci il XXX Yay Olimpiya Oyunlarına həsr olunmuş ilk "Şef de Mission" (idman nümayəndə heyətlərinin rəhbərləri) seminarı keçirilib. Siasport.az saytı xəbər verir ki, tədbirin açılış mərasimindən öncə təşkilatçılar yeni təyin olunmuş Şef de Missionlar üçün tanışlıq görüşü keçiriblər.

Beynəlxalq Olimpiya Komitəsinin, Milli Olimpiya Komitələri Assosiasiyasının, Olimpiya Oyunları London Təşkilat Komitəsinin nümayəndələrinin iştirak etdiyi açılış mərasimindən sonra Olimpiya Parkına, o cümlədən Olimpiya kəndinə, velodroma, üzgüçülük mərkəzinə, boks, qılıncoynatma, cüdo, stolüstü tennis, taekvondo, ağırlıq qaldırma, güləş yarışlarının keçiriləcəyi Ex-Cel sərgi mərkəzinə, açılış, bağlanış mərasimlərinin və atletika üzrə yarışların keçiriləcəyi Olimpiya stadionuna tanışlıq səfəri təşkil edilib.

Daha sonra Təşkilat Komitəsinin və Beynəlxalq Olimpiya Komitəsinin məsul işçiləri yarış yerləri, akkreditasiya və idman növləri üzrə qeydiyyat, nəqliyyat, Olimpiya kəndi, milli olimpiya komitələri ilə əlaqələr və protokol xidməti, tibbi xidmətlər və dopinq nəzarəti, Olimpiya Həmrəyliyi məsələləri ilə bağlı geniş məlumatlar təqdim ediblər.

Bununla bərabər, ayrı-ayrı regionların nümayəndələri ilə azsaylı qruplarda məşğələlər keçirilib, Olimpiya Oyunlarına hazırlıqla bağlı məsələlər müzakirə edilib və konkret suallar cavablandırılıb.

Təxminən 200 ölkənin nümayəndəsinin iştirak etdiyi tədbirdə Azərbaycanı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Şef de Mission İlham Mədətov və Milli Olimpiya Komitəsinin məsul işçisi Könül Nurullayeva təmsil ediblər.

Nümayəndə heyəti Olimpiya Oyunları ilə bağlı Azərbaycanın tərəfdaşı seçilmiş İpsviç şəhərinə səfər zamanı şəhərin meri, şəhər şurasının icraçı sədri və üzvləri ilə görüşüblər. Olimpiya Oyunlarına qalan dövr ərzində mədəniyyət günlərinin keçirilməsi, Azərbaycan idmançıları üçün təlim-məşq toplantıları təşkil olunması məsələləri müzakirə edilib.

Ayrı-ayrı görüşlərdə həmçinin Azərbaycan Respublikasının Böyük Britaniyadakı Fövqəladə və Səlahiyyətli səfiri Fəxrəddin Qurbanov və səfirliyin əməkdaşları da iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə