"İnter"in qənimi - Rauf Əliyev

"Qarabağ" klubu "İnter"i məğlub etməklə "bankirlər" üzərində qələbə seriyasını 4-ə çatdırdı. Siasport.az saytı xəbər verir ki, "Qarabağ" klubunun mətbuat xidmətinin araşdırmasına görə, ötən il dekabrın 1-dən başlayan seriyada komanda növbə ilə 1:0, 2:0, 1:0, 1:0 hesabıyla qələbə qazanıb. Maraqlıdır ki, 4 oyunda vurulmuş 5 qolun 3-nə Rauf Əliyev (ilk 2 oyunda - 1:0 və 2:0) 2-sinə Adamiya (2:0 və 1:0) imza atıb. Ötən mövsümün son oyununda Adamiya Suraxanıda baş tutmuş görüşdə Rəşad Sadiqovun qazandığı penaltini qola çevirməklə Raufun qol seriyasını "saxlamışdısa" Rauf Quzanlıda baş tutmuş oyunlarda "İnter"ə ilk qolunu vurmaqla yanaşı, "bankir"lərə qarşı şəxsi göstəricilərini də yaxşılaşdırdı. Ümumiyyətlə, 22 yaşlı forvard bir növ "İnter"lə oyunlarda püxtələşib. Düzdür, Rauf "Qarabağ"da ilk qolunu 2006-2007 mövsümünün ikinci yarısında, konkret desək, 2 may 2007-ci ildə "Qarabağ"ın heyətində ilk dəfə rəsmi matça çıxdığı gün fərqlənib. "Gənclərbirliyi"nin darmadağın edildiyi oyunda (3:0) Rauf 50-ci dəqiqədə ilk qolu vurmuşdu. Cəmi 16 gün sonra isə Rauf "İnter"ə qarşı ilk oyununa çıxdı və gözəl oyun və məşhur Yoloviçə qarşı etdiyi gözəl fintiylə yadda qaldı. "Qarabağ" Şəfada baş tutan oyunda 1:0 hesabıyla məğlub olsa da, Rauf həmin görüşün ən yaxşı oyunçusu seçildi.

"İnter"in qapısına qol vurmaq isə Raufa növbəti mövsüm nəsib oldu. 2007-2008 mövsümünün ¼ finalında "Qarabağ" evdə "İnter"i qəbul edirdi. Martın 6-sında baş tutmuş görüşdə "Qarabağ" 1:0 hesabda geridə idi. 57-ci dəqiqədə Rauf Elşən Məmmədovun yerinə oyuna daxil olur. 4 dəqiqə sonra isə o zaman 18 yaşı olan Əliyev baxımlı qola imza atır. "İnter" növbəti dəfə hesabda önə keçsə də, 85-ci dəqiqədə Rauf daha bir gözəl qola imza atmaqla həm karyerasında ilk dublunu rəsmiləşdirir, həm də komandasını məğlubiyyətdən qurtarır.

Quzanlıda "İnter" üzərində ilk qələbənin memarı olan Rauf eyni zamanda 2009-cu ildə mayın 3-də eyni məkanda baş tutmuş ilk oyun zamanı stadionda vurulan ilk qolda Sedat Sainiyə asistentlik etməklə yadda qalmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə