Ceyhun Əzizli: "Arda Turan “Qalatasaray”lı olmasa belə, Arda Əzizli “Qalatasaray”lı olacaq"-MÜSAHİBƏ

Ceyhun Əzizli: "Arda Turan “Qalatasaray”lı olmasa belə, Arda Əzizli “Qalatasaray”lı olacaq"-MÜSAHİBƏ

"Qalatasaray"ın kapitanı, "Cim-Bom" azarkeşlərinin Georgi Hacidən, Hakan Şükürdən sonra ən çox sevdiyi, inandığı Arda Turan "Atletiko"ya transfer olundu. Təbii ki, bu, "Qalatasaray" azarkeşlərini sevindirdiyi qədər, həm də məyus etdi. Axı Arda komandanın yarısı hesab olunurdu. Onun gedişi "Qalatasaray"ın zəifləməsinə səbəb oldu ki, bu da "Cim-Bom" azarkeşlərinin heç də ürəyindən deyil.
Bəs bu transfer barədə azərbaycanlı "Qalatasaray"lılar nə düşünür? Ardanın gedişi ölkəmizdə çoxluq təşkil edən "Cim-Bom" fanatlarına necə təsir edib? Bu suallara cavab tapmaq, Ardanın gedişinə münasibət öyrənmək üçün "UltrAslan-Azərbaycan" dərnəyinin başqanı Ceyhun Əzizli ilə söhbətləşdik.
Ceyhun həm də "UltraNeftçi" fan-klubunun rəhbəridir. Ondan "Qalatasaray"la yanaşı, "Neftçi"dəki dəyişikliklərə də münasibət öyrəndik.

Siasport.az saytı C.Əzizlinin müsahibəsini nəzərinizə çatdırır:

- Ardan Turanın "Qalatasaray"dan gedişini necə qarşıladın?
- Gedənin arxasınca baxmazlar. Ona uğurlar arzulamalıyıq. Ardanın "Qalatasaray"da qalması daha yaxşı olardı. O, "Qalatasaray"da uğur qazanmadı. Məncə, Türkiyədə qalıb ciddi uğurlar qazandıqdan sonra Avropaya getməli idi. İnşallah, bundan sonra da karyerası uğurlu alınar. Arda əsl "Qalatasaray"lı olduğunu sübut edib, getdi. Kluba böyük miqdarda xeyir verdi. İlk dəfədir ki, "Qalatasaray"a 10 milyondan çox transfer haqqı gəldi.

- Səncə, Arda İspaniyada uğur qazana biləcəkmi? Bir çox türk futbolçu Avropada özünü göstərə bilməyib...
- Fikrimcə, getdiyi komanda Ardanın oyun üslubuna da uyğundur. Onun oyunu "Atletiko"ya, İspaniya futboluna uyğun gəlir.

- "Qalatasaray"da Ardanın yeri görünəcək?
- Əlbəttə.

- Fatih Terim boşluğu doldura bilməz?
- Fatim Terim boşluğu doldura bilər, ancaq Ardanın yerini verən oyunçu olmayacaq. O, bir dənə idi. Arda həm tribunanın lideri idi, azarkeşləri çoşdururdu, həm də komandanın lideri.

- Səncə, Arda niyə getdi?
- Onun fikri Avropaya getmək, orda oynamaq idi. Məhz buna görə də komandadan getdi.

- Onun "Qalatasaray"ı tərk etməsinin səbəbi azarkeşlər deyil?
- Xeyr, azarkeş həmişə komandadan uğur istəyir.

- Arda bəzi oyunlarda təhqir olundu, hətta nişanlısı belə hədəfə çevirildi. Uğursuzluqda günahkar bilindi...
- O, komandanın kapitan idi. Azarkeşlər ilk növbədə ondan məsuliyyət gözləyirdi.

- Sən həm də "UltraNeftçi" fan-klubunun rəhbərisən. Amma siz uğursuzluqdan sonra komandanın kapitanı Rail Məlikovu yox, baş məşqçi Arif Əsədovu günahlandırdınız?
- Düzdür. Amma "Qalatasaray"da baş məşqçi istefa vermişdi. Ötən mövsüm komanda 3 baş məşqçi dəyşdi. Bizim "Qalatasaray"lılar kimi baş məşqçini günahlandırmağa haqqımız yox idi. Çünki baş məşqçilər özləri zamanında istefa verib.

- Arda məşqçini əvəz edə biləcək oyunçu idi?
- Arda bizim içimizdən gələn biri idi, komandada böyümüşdü, yetişmişdi. Azarkeşlər ona görə onu hədəfə alırdı. Çünki komanda uduzanda kinoteatrda, gecə klubunda əylənirdi. Komandanın kapitanı belə olmamalıdır.

- Onun şəxsi həyatı olmamalıdır ki...
- Şəxsi həyatı olmalıdır. Amma komanda məğlub olanda, hamı kimi üzülməlidir. Biz komandaya təmənnasız azarkeşlik edirik, o isə klubdan maaş alır.

- "Atletiko"ya transferi sizi Ardadan küsdürmədi ki?
- Yox. Hətta azarkeşlər onun üçün vida klipi belə hazırlayıb, yola saldılar. Türkiyə - Estoniya matçında "Qalatasaray" azarkeşləri "Türk Telekom Arena"da onu 90 dəqiqə alqışladılar. Bu da Ardanı kövrəltdi.

- Sənin oğlunun da adı Ardadı. Səncə, Arda Turan "Qalatasaray"lı olaraq qalacaq?
- Mən buna inanıram. Arda Turan "Qalatasaray"lı olmasa belə, Arda Əzizli "Qalatasaray"lı olacaq.

- Arda kimi futbolçuya 12 milyon avro ucuz qiymət deyil?
- 12 milyon az pul deyil ki. "Anji" 30 milyon təklif edirdi. O isə inkişaf üçün İspaniya La Liqasına getdi. Messinin qarşısında futbol oynayacaq.

- Ceyhun Əzizli həm də "Barselona" azarkeşidir. "Barselona" ilə "Atletiko" qarşılaşanda hansı komandaya azarkeşlik edəcəksən?
- Arda Turan və "Barselona"ya.

- İndi isə suallarımızı "UltraNeftçi" fan-klunun başqanı kimi cavablandır. Bazar günü "Rəvan"la qarşılaşacaqsınız. Hazırlıq necə gedir?
- Hazırlıqlar super səviyyədir. İdarə Heyətinin üzvləri, müavinlərim tapşırıqları yüksək peşəkarlıqla icra edirlər. Səfər matçına getmək üçün iki avtobus ayıracağıq. Biri Tofiq Bəhramov adına Respublika stadionun qarşısından, biri isə ofisimizdən Mərdəkana yola düşəcək.

- Əvvəl deyirdiniz ki, "Neftçi" baxımlı oyun göstərəndən sonra azarkeşlər stadiona gəlməyə başlayacaq. Artıq komanda çempiondur. Belə çıxır ki, bu il tribunalar dolmalıdır.
- Altı ildir çempion ola bilmirdik, avrokuboklarda nəticə göstərmirdik. "Neftçi"nin gələcəyi var, gözəl komanda qurulub. Hər il komandaya 3-4 gənc qatılır. Deməli komandanın gələcəyi var. Əsas odur ki, xalqı "Neftçi"nin düzgün yolda olduğuna inandıraq. O zaman insanlar stadiona gələcək.

- Səncə, Çempionlar Liqasındakı uğursuzluqlarda məşqçi amili rol oynadı?
- Hər şeyi baş məşqçinin üzərinə atmaq olmaz. Rəqibimiz çox güclü idi. Xorvatiya futbolu dünyada ad qazanıb. "Dinamo" bu ölkənin flaqmanıdır. Uğursuzluğun əsas səbəbi avrokubok təcrübəsinin olmamasıdır. Komanda 2-3 ildir yenidən qurulur. "Neftçi" bu heyətlə davam edib, yeni transferlər etsə, istər Çempionlar Liqasında, istərsə də Avropa Liqasında uğurlu çıxış edə, 2-3 mərhələ keçə bilər.

- Komanda çempion oldu, sevindiniz, bayram etdiniz. Amma komanda Çempionlar Liqasında uğursuz çıxış etdi. Bundan sonra 2-3-cü pilləni tutub Avropa Liqasına qatılmadığınız üçün təəssüflənmədin ki? Hər halda, Avroliqada daha uğurlu çıxış etmək olardı.
- Yox, təəssüflənmədim. Futbolun sevinci çempionluqdur. Mən fəxr edirəm ki, azarkeşlik etdiyim komanda çempion oldu. Çempionluq zirvədir. "Neftçi" bu zirvəni fəth etdi. Avrokubok marafonunda irəliləyə bilmədik, ancaq gələcəyə ümidlə baxıram.

- Yeni baş məşqçi ilə "Neftçi"nin avrokuboklarda uğur qazanacağına inanırsan?
- Böyükağa müəllim Arif Əsədovdan zəif məşqçi deyil. Təcrübəlidi, "Bakı" ilə çempionluq sevinci yaşayıb.

- Arif Əsədov da çempionluq yaşamış məşqçidir...
- Axı heç kim əbədi deyil. O, ömürboyu "Neftçi"nin baş məşqçisi olmalı deyildi. İlyarım işlədi, çempion oldu. Amma Avropada uğur qazana bilmədi deyə, öz istəyi ilə istefa verdi.

- Böyükağa Hacıyev də ilyarım işləyəcək?
- Yox. Uğurlu çıxış etsə, Avropada uğur qazansa, niyə getməlidir ki?

- Səncə, komandanın yeni oyunçulara ehtiyacı var?
- Azarkeş həmişə yeni transfer istəyir. Bu klub rəhbərliyinin işidir. Mən yerli futbolçuların alınmasının tərəfdarıyam.

- Yerli futbolçulardan kimləri "Neftçi"də oynamağa layiq bilirsən?
- Rəşad Sadıqov və Rəşad Sadiqovu komandada görmək istəyirəm. Onlar bizim oyunçularmız idi... Əfran İsmayılovu da "Neftçi"də görmək pis olmaz. Kim istəməz ki, Əfran kimi futbolçu onun komandasında oynasın?

- "Neftçi"dən bu il hansı nəticəni gözləyirsən?
- Ötən mövsüm çempion olduq. Bu mövsüm də çempionluq istəyirəm. Ümumiyyətlə "Neftçi" həmişə çempionluğa oynamalıdır.

- Ötən mövsüm "Neftçi" və "Xəzər Lənkəran" arasında çempionat qarşılaşmalarında sönük və maraqsız oyun izlədik. Böyükağa Hacıyevin bu problemi aradan qaldıracağına, "Neftçi"nin hücum futbolu sərgiləyəcəyinə inanırsan?
- İnanıram. Bir neçə gün əvvəl komanda əvəzedicilərlə qarşılaşdı. Bu görüşdə onun hansı taktikaya üstünlük verəcəyini görmək mümkün idi. Böyükağa müəllimin əvvəl işlədiyi komandaların oyunlarını da izləmişəm. O, qorxaq futbol oynadan məşqçi deyil. Yeni baş məşqçimiz hücum futboluna üstünlük verir. İnanıram ki, bundan sonra "Böyük oyun"lar daha maraqlı, baxımlı olacaq.

Fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə