Polşanın paytaxtı Varşavada güləş üzrə yeniyetmələrin Avropa çempionatı keçirilir. Siasport.az saytı xəbər verir ki, turnirin ilk günündə mübarizə aparan sərbəst güləş yığmamız 2 qızıl və 2 bürünc medal qazanıb.
50 kq çəkidə mübarizə aparan Məmmədhüseyn Həsənov təsnifat mərhələsində bolqar güləşçi üzərində inamlı qələbə qazanıb. 1/8 finalda türk güləşçi ilə gərgin keçən görüşdə məğlub olsa da, rəqibinin finala yüksəlməsi təmsilçimizə bürünc medal şansı yaradıb. Ardıcıl olaraq erməni, ukraynalı və alman güləşçiləri sıradan çıxaran Məmmədhüseyn Həsənov komandamıza bürünc medal qazandırıb.
58 kq çəki dərəcəsində Elçin Məmmədov bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb. Təmsilçimiz ardıcıl olaraq slovak, latviyalı, türk və rusu məğlub edib, finalda isə Ukrayna güləşçisini təmiz qələbə ilə məğlub edib.
69 kq çəkidə ölkəmizi təmsil edən Şamil Sadullayev Polşa, Almaniya təmsilçilərini məğlub etsə də, yarımfinalda Türkiyə güləşçisinə məğlub olub və bürünc medal uğrunda görüşə çıxıb. Belarus təmsilçisi ilə gərgin keçən medal görüşündən qalib ayrılan Şamil Sadullayev komandamıza növbəti bürünc medalı qazandırıb.
85 kq çəki dərəcəsində mübarizə aparan Pərviz Axundov ardıcıl olaraq belarus, macar, ukraynalı və polşalı rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda Rusiya təmsilçisi ilə görüşdən də tam üstünlüklə qalib ayrılan Pərviz Axundov qızıl medala sahib olub.
Bu gün isə, yeniyetmələrin Avropa çempionatında digər 5 çəki dərəcəsində sərbəst güləş yarışları keçiriləcək.
Sərbəst güləş yarışlarında ölkəmizi komandanın böyük məşqçiləri Vahid Məmmədov və Siracuddin Eldarov, məşqçi Əsgərxan Novruzovun rəhbərliyi altında Sadıq Sadıqov (42 kq), Ruslan Qasımov (46 kq), Məmmədhüseyn Həsənov (50 kq), Pərviz İbrahimov (54 kq), Elçin Məmmədov (58 kq), Hacımurad Ömərov (63 kq), Şamil Sadullayev (69 kq), Orxan Şərifov (76 kq), Pərviz Axundov (85 kq) və Ruslan Hacıyev (100 kq) təmsil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB