Akademik avarçəkənimiz dünya çempionatının yarımfinalında

Akademik avarçəkənimiz dünya çempionatının yarımfinalında

Azərbaycan akademik avarçəkəni Boris Yotov Böyük Britaniyanın Eton şəhərində davam edən yeniyetmələr arasında dünya çempionatında yarımfinal mərhələsinə yüksəlib. Siasport.az saytı xəbər verir ki, 16 yaşlı idmançımız bu uğura avqustun 5-də 1 nəfərlik qayıqla (JM1X) ¼ final yürüşündə nail olub.

O, 2000 metr məsafəni 7 dəqiqə 19,36 saniyəyə qət edərək, finişə 3-cü çatıb. Zimbabveli Ceyms Freyzer-Makkenzi (7:17.56) və çexiyalı Mixal Ploçekdən (7:19.36) geri qalan Yotov tunisli Məhəmməd Auiti (7:26.60), yeni zelandiyalı Riordan Morrell (7:27.23) və ABŞ təmsilçisi Rayan Alleni (7:32.56) geridə qoyub. Avarçəkənimiz ilk "3-lüy"ə düşdüyündən, reqlamentə əsasən, növbəti mərhələyə çıxıb. Yotov yarımfinala yüksəlməklə, ilk 12 pillədəki yerlərdən birini təmin edib.

Əvəzində Qardaşxan Hüseynli - Kamal Xanlarov dueti təsəlliverici yürüşdə də aşağı nəticə göstərib. Onlar 2000 metr məsafəni 7 dəqiqə 9,69 saniyəyə qət edərək, finişə sonuncu çatıblar. İlk 4 yeri müvafiq olaraq, litvalı Dominikas Yançionis – Vitautas Lapatiukas (6:36.83), böyük britaniyalı Edvard Qrisedal – Cozef Qappi (6:36.94), ukraynalı Nikolay Mazur – Roman Matviyçuk (6:37.75) və zimbabveli Mixael Conson – Peter Pursell-Cilpin (6:58.14) duetləri tutub. Hüseynli – Xanlarov cütlüyü 13 – 24-cü yerlərdən birini tutmağa imkan verən C (D) yarımfinalında iştirak edəcək.

Qeyd edək ki, dünya çempionatına avqustun 7-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə