Çempionatın ilk oyununda "Xəzər Lənkəran” ”Sumqayıt Şəhər” klubu ilə qarşılaşacaq-STATİSTİKA

Çempionatın ilk oyununda "Xəzər Lənkəran” ”Sumqayıt Şəhər” klubu ilə qarşılaşacaq-STATİSTİKA
Bu həftə Azərbaycan Premyer Liqasının 2011/2012 mövsümü başlanır. Siasport.az saytı xəbər verir ki, çempionatın ilk oyununda doğma meydanda keçirən "Xəzər Lənkəran" debütant "Sumqayıt Şəhər" komandasını qəbul etməyə hazırlaşır.

Qarşıdan gələn oyun bu komandalar arasında ilk qarşılaşmadır. Lakin çempionat tarixində "Xəzər Lənkəran" Sumqayıt şəhərinin digər iki təmsilçisi ilə dəfələrlə qarşılaşıb. Bunlar "Gənclərbirliyi" və "Standard Sumqayıt" komandanlarıdır. Səkkiz dəfə "Gənclərbirliyi" ilə görüş keçirmiş komanda bu oyunların yeddisində qalib gəlib və yalnız bir dəfə qolsuz heç-heçə edib.

2009/2010 mövsümündə isə Sumqayıt çempionatda "Standard" komandası ilə təmsil olundu. Həmin çempionatda rəqibi səfərdə 2:1 hesabı ilə məğlub edən "Xəzər Lənkəran", evdə qolsuz heç-heçə ilə razılaşmalı olmuşdu.

Çempionatın açılış oyunlarında "Xəzər Lənkəran"ın statistikası belədir: 5 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət. 2004/2005 mövsümündə "Turan"a qarşı çempionatın ilk turu çərçivəsində keçirilən oyun komandanın tarixinin ilk oyunu kimi yaddaşlarda qaldı. Səfərdə keçirilmiş bu oyun 1:1 hesabı ilə yekunlaşmışdı. Növbəti mövsümdə həmin il debütant olan "Olimpik" oldu və bu səfər oyunu "Xəzər Lənkəran"ın 2:0 hesablı qələbəsi ilə başa çatdı.

2006/2007 mövsümündə isə "Xəzər Lənkəran" çempionatın startını "Neftçi" ilə ev oyununda verdi və 2:1 hesabı ilə qalib gəldi. Həmin oyunda "Xəzər Lənkəran" Mərkəzi Stadionunun da açılış mərasimi baş tutmuşdu. Növbəti mövsümün ilk turunda komanda səfərdə "Karvan"a qalib gəldi – 1:0. 2008/2009 çempionatı yenə "Karvan"la səfər oyunundan başladı və bu dəfə rəqib eyni hesabla qalib gəldi.

2009/2010 mövsümündə çempionatın ilk oyununda "İnter"i qonaq edən "Xəzər Lənkəran" 1:0 hesabı ilə qalib gəldi. Ötən çempionatda isə yenə evdə, yenə 1:0 hesabı ilə bu dəfə "Qəbələ" üstələndi. Beləliklə, ilk oyunu evdə keçirdiyi hallarda komanda yalnız qələbə qazanıb.

Hakimlər. Oyunun baş hakimi Rəhim Həsənov olacaq. Onun assistentləri İlham Əliyev və Rahil Ramazanovdur. Dördüncü hakim - Elçin Məmmədov.

Oyunun vaxtı və yeri. "Xəzər Lənkəran" Mərkəzi Stadionunda keçiriləcək qarşılaşma avqust ayının 6-ı saat 20:00-da start götürəcək. Oyun "İdman Azərbaycan" telekanalı ilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com