Boks üzrə dünya birinciliyində ¼ finalçıların adları məlum olub

Boks üzrə dünya birinciliyində ¼ finalçıların adları məlum olub
Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə yeniyetmələr arasında dünya birinciliyində ¼ finalçıların adları məlum olub. Yarışın növbəti günündə rinqə çıxan idmançılarımızdan dördü qələbə qazanıb. 46 kq çəki dərəcəsində mübarizə aparan Elnur Şəfizadə Türkmənistan nümayəndəsi Şatlıkmurat Muradovu məğlub edib. Hər 3 raundda üstünlüyə malik olan həmyerlimiz 7 xal fərqlə qalib gəlib – 19:12. Malik Muradov da(50 kq) ¼ finala vəsiqə qazanıb. Boksçumuz Iraq təmsilçisi Camal Qasımı 24:10 hesabı ilə üstələyib. Nəbi Bağırov(75 kq) komanda yoldaşlarının uğurunu davam etdirib. Milli komandamızın üzvü isveçli Loran Battini 8-6 hesabı ilə məğlub edib. 80+kq çəki dərəcəsindəki təmsilçimiz Məhəmmədəli Tahirov da mübarizəni davam etdirir. Tahirov avstraliyalı Rayan Foulds üzərində 14:6 hesabı ilə qələbə qazanıb. Peyman Yusifli (54 kq) və Nurlan Nağıyev (60 kq) isə 1/8 finalda yarışla vidalaşmalı olublar. Yusifli yerli boksçu Beqzan Kibitkala 9-13, Nağıyev isə şotlandiyalı Fraser Qorna 7-14 hesabı ilə uduzub. Beləliklə, dünya birinciliyinin ¼ final mərhələsində Azərbaycanı 6 boksçu təmsil edəcək. Yuxarıda adları çəkilən idmançılarla yanaşı, Nəsrəddin Məmmədov (52 kq) və Orxan Mayıllı da (70 kq) ¼ final mərhələsinə yüksəliblər.Məmmədov filippinli Feliks Eumir Markialla, Mayıllı isə Türkiyə təmsilçisi Ceyhan Barışla üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə