Azərbaycan boksçusu Dünya birinciliyində rəqibini nokaut etdi

Azərbaycan boksçusu Dünya birinciliyində rəqibini nokaut etdi

Qazaxıstanın paytaxtı Astanada boks üzrə yeniyetmələr arasında dünya birinciliyi davam edir. Siasport.az saytı xəbər verir ki, yarışın ikinci günündə rinqə çıxan 4 idmançımızın hamısı qələbə qazanıb. 46 kq çəki dərəcəsində mübarizə aparan Elnur Şəfizadə Banqladeş nümayəndəsi Asif İslamı yarışdan kənarlaşdırıb - 18:9. Malik Muradovun (50 kq) dünya birinciliyindəki debütü daha parlaq alınıb. Həmyerlimiz çernoqoriyalı Stefan Stekuliçi 1-ci raundda nakauta salıb. 54 kq çəki dərəcəsində yarışan Peyman Yusifli isə növbəti mərhələyə gərgin mübarizə nəticəsində vəsiqə qazanıb. Boksçumuz Cənubi Koreya təmsilçisi Hyun-Suk Limi 6:5 hesabı ilə məğlub edib. Nurlan Nağıyev (60 kq) üçün də dünya birinciliyi çətin başlayıb. Milli komandamızın üzvü ilk döyüşdə avstraliyalı Luk Pilarinosla qarşılaşıb. 3 raunddan sonra qalib müəyyən olunmasa da (10:10), hakimlər qələbəni Nağıyevə veriblər.

Xatırladaq ki, yarışın ilk günündə iki boksçumuz uduzaraq, mübarizədən kənarda qalıb. Dünya birinciliyinə iyulun 30-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə