Ramin Musayev: \"Yeni mövsümdən etibarən klubların I Diviziondan Premyer Liqaya yüksəlməyində dəyişiklik edilib\"

Ramin Musayev: \"Yeni mövsümdən etibarən klubların I Diviziondan Premyer Liqaya yüksəlməyində dəyişiklik edilib\"

Azərbaycan Premyer Liqasının 2011/2012-ci il mövsümünün püşkatması mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edib. Siasport.az saytı PFL prezidentinin nitqini nəzərinizə çatdırır:

\"Mətbuat işçilərini Milli Mətbuat Günü münasibəti ilə təbrik edir, hər birinə can sağlığı arzulayıram. Artıq yeni çempionatımıza başlayırıq, hər biriniz üçün uğurlu olsun. Azərbaycan Premyer Liqasının ötən mövsümü pis keçmədi. Bəziləri ötən mövsümü müsbət qarşılasa da, digərləri mənfi yanaşdı. Lakin, ölkə başçısının çempionatımıza verdiyi qiymətdən sonra nəsə əlavə etmək düzgün deyil.

Bir sıra şəxslər qonşu ölkələrin təcrübələrindən yararlanmağı məsləhət görürdülər. Fikrimcə, özümüz-özümüzə qiymət verməyi bacarmalıyıq. Yeni mövsümün reqlamentində ciddi dəyişiklik yoxdur. I Diviziondan Premyer Liqaya yüksələn klubların hər birində maddi durum kifayət qədər yaxşı olmur. Mən, PFL rəhbəri olaraq, çalışıram ki, futbolun inkişafına kömək edim. 10 klubdan və 4 dövrədən ibarət çempionat təklifləri də olurdu. Lakin bu cür formatda çempionatı keçirməyə bizim vaxtımız çatmır. Klubların hamısının 3-4 gündən bir oyun keçirmək imkanı yoxdur. Bu cür formatda ilk yerlər uğrunda mübarizə aparan komandalarla orta sıralar arasında böyük xal fərqi yaranacaq və bu da çempionata marağı azaldacaq. Keçən il təsnifat mərhələsində qazanılan xalların saxlanılması çempionatı daha da maraqlı etdi. Premyer Liqanı tərk etmək üzrə olan MOİK sonadək mübarizə apardı. O klubda oynayanların da hamısı yerli futbolçular idi.

\"Simurq\" klubunun yaxşı bazası və stadionu var, maddi durumları da Premyer Liqasda oynamağa imkan verir. Rusiya mətbuatı da artıq bizimlə yaxından maraqlanır, \"Simurq\"un yeni baş məşqçisinin fəaliyyətini yaxından izləyir. Biz həmişə təklifləri dinləməyə və müzakirə etməyə hazırıq. \"Muğan\" komandası qısa zamanda Premyer Liqaya vəsiqə qazandı. Uşaq futboluna diqqət ayırırlar, yaxşı bazaları var. Şirkətləri başqa olsa da, rəhbərləri birdir. \"Rəvan\"a üstünlük verməyi qərara aldılar, bundan sonra yerli futbolçulara daha çox şans verəcəklər. Elə komanda var ki, yerli məşqçi və futbolçulardan yararlanır. Hər bir kluba çempionatda və kubokda uğurlar arzulayıram. \"Abşeron\" klubunun rəhbərliyi maddi çətinliklə üzləşdiyindən Premyer Liqada iştirak etməkdən imtina etdi. Yeni mövsümdən etibarən klubların I Diviziondan Premyer Liqaya yüksəlməyində dəyişiklik edilib. Belə ki, Premyer Liqada 12-ci yeri tutmuş komandanın yerini I Divizionun qalibi tutacaq. I Divizionda 2-ci yeri tutmuş komanda isə Premyer Liqaya yüksəlmək üçün 11-ci yeri tutmuş komanda ilə pley-off oyunu keçirəcək.

Bu il püşkatmada bir dəyişikliyimiz var, bu da stadionlarla bağlı yaranmış problemlə əlaqədardır. \"Bakı\" və \"Neftçi\", həmçinin \"Rəvan\" və \"İnter\" eyni stadionda mübarizə aparacaq. Bu klubların ev oyunlarının üst-üstə düşməməsi üçün püşk atılacaq. Fikrimcə, bunun heç bir kluba ziyanı yoxdur.

Azərbaycan Premyer Liqasında çıxış edən \"Sumqayıt Şəhər\" klubu yeni yaranıb, klubun rəhbərliyi və heyəti gəncdir, hamısı yerlilərdən təşkil olunub. Klubun prezidentinin fikirləri ilə tanış olandan sonra çox sevindim ki, futbolumuz üçün bu cür qəlbən yanan insanlar var. \"Sumqayıt Şəhər\" klubuna uğurlar arzu edirəm. \"Rəvan\" klubunun da gələcəyə dair gözəl planları var. Sumqayıtda stadiona böyük sərmayə qoyulacaq. Yerli oyunçularımız üçün çalışan klub rəhbərlərini ruhlandırmaq lazımdır, onlara dəstək vermək lazımdır.

\"Qarabağ\" klubu ev oyunlarını keçirmək üçün Quzanlı qəsəbə və Suraxanı qəsəbə stadionlarını qeyd edib. Bu stadionlardan hansında oynayacaqları isə qabaqcadan püşkatma ilə müəyyən olunacaq. \"Qarabağ\" artıq üçüncü ildir ki, futbolsevərləri sevindirir. Avroliqa ilə əlaqədar oyunlarının təxirə salınması ilə bağlı PFL-ə müraciət etsələr, qabaqcadan oyunun günü təyin edildikdən sonra təxirə salmaq olar. Bizim nəinki \"Qarabağ\"a, hər bir klubumuza dəstək vermək borcumuzdur\".

Bütün xəbərlər Facebook səhifəmizdə